1990-cı il, 10 oktyabr. ABŞ Konqresinin insan haqları Komissiyasının iclasında çıxış üçün söz Küveytdən gəlmiş 15 yaşlı qıza verilir. O, konqresmenlərə Səddam Hüseynin əsgərlərinin Küveytdə törətdikləri vəhşiliklərdən danışır.
Qız ağlayaraq, emosional tərzdə iraqlıların cinayətlərinin böyük siyahısını açıqlayır. Dinləyənləri xüsusi olaraq dəhşətə gətirən isə Küveyt xəstəxanalarından birində baş verənlərdir. Həmin hadisənin şahidi olmuş qızın sözlərinə görə, İraq əsgərləri xəstəxanaya soxularaq yeni doğulmuş körpələri inkubatorlardan çıxararaq soyuq döşəməyə atıb, çoxlu sayda körpə tələf olub.
Canlı şahidin bu ifadələri sonralar prezident Buş tərəfindən dəfələrlə təkrar olundu, telekanallarda səsləndirildi və ABŞ-da ictimai rəyin Körfəz müharibəsinə hazırlanmasında mühüm rol oynadı. Körpələrə qarşı bu amansızlığa hansı normal insan susqun qala bilərdi ki!
1 il keçdi, müharibə bitdi və həqiqətlər üzə çıxdı. 15 yaşlı qız Küveytin ABŞ-dakı səfiri Nasir əl-Səud əs-Sabahın qızı Nayira idi. 1981-ci ildən ailəsi ilə birlikdə ABŞ-da yaşayırdı, uzun müddət Küveytdə olmamışdı və ölkəsinin işğalını gözləri ilə görməmişdi. İraq Küveytə hücum edəndə qız ABŞ-da idi. Qız rolunu məharətlə oynamış, onun üçün əvvəldən hazırlanmış mətni oxumuşdu. Mətni və davranış qaydalarını isə onun üçün Hill & Knowlton adlı PR agentliyi uydurmuşdu. Agentlik bu işə ictimai rəyi azdırmaq və manipulyasiya etmək məqsədilə Küveyt hökuməti tərəfindən cəlb olunmuşdu.
Hazırda "Nayiranın ifadələri” dezinformasiyanın klassik nümunəsi sayılır.
Yeri gəlmişkən, təkcə balaca Buş yox, Nayiranın ailəsi də bu yalandan maksimum xeyir götürdü. Səfir əl-Səud əs-Sabah əvvəlcə Küveytin informasiya naziri (ironiya? sarkazm?), sonra isə neft naziri təyin olundu...
***
Qərbin sadə insanların beynini yumaq üçün istifadə etdiyi psixoloji fəndlər haqda uzun-uzadı danışmaq olar, ancaq bir şey təəccüb doğurur - bu sxemlərin primitivliyi. Və onillər boyunca üsullar dəyişməz olaraq qalır, ancaq buna baxmayaraq effektivdir.
Əvvəlcə günahsız insanların kütləvi şəkildə qətlə yetirilməsinə dair saxta informasiyalar düşünülür və yayılır, hədəf götürülən dövlətlərin hakimiyyətini nasistlərə bənzədilir, sonra isə ABŞ başda olmaqla beynəlxalq koalisiya ”demokratiyanın xilası” üçün həmin dövləti hərbi yolla məhv edir.
"Nayiranın şahidliyi” Körfəz müharibəsinə aparan yolda taktika idi. Ardından NATO Serbiyaya hücum etməzdən əvvəl dünyaya serblər tərəfindən qətlə yetirilmiş dinc əhalinin cəsədlərini göstərdilər. Halbuki, öldürülənlər dinc əhali yox, Kosovo yaraqlıları idi. Almaniyanın Bild nəşri fotonu üz qabığında yerləşdirərək "Biz onlar üçün döyüşürük” yazdı, Bill Klinton isə nitqində dedi: «Çerçilli vaxtında dinləyib Hitleri həbs etsəydilər nə baş verərdi? Nə qədər insanın həyatı xilas olardı”. Bu dəfə də hədəfi nasistlərə bənzətdilər.
2003-cü ildə İraqda yeni müharibə başlayanda Kolin Pauell əlindəki şüşəni nümayiş etdirərək Səddam Hüseynin kimyəvi silah hazırladığını söylədi. Birağızdan Səddamın devrilməsini "Yaxın Şərqdə Azadlıq və demokratiyanın çiçəklənməsinə səbəb olacağını” dedilər. Müharibə yüz minlərin ölümü, milyonlarla insanın qaçqın düşməsi ilə bitdi, kimyəvi silah isə tapılmadı.
2011-ci ildə həmin qüvvələrin hədəfinə Liviya çevrildi. Qəzzafinin öz xalqına qarşı amansız repressiyalarına dair feyk xəbərlər uyduruldu və tirajlandı. İspaniyanın "Mundo” qəeti yazdı: "Qəzzafi ömrünü Hitler kimi başa vuracaq. Yəni, intiharla”. The Guardian isə "Hitlerdən Qəzzafiyə qədər: diktatorlar və onların bunkerləri" adlı məqalə dərc etdi. Yenə də nasistlərlə eyniləşdirmə. Liviya dağıdıldı, kütləvi repressiyalar haqda xəbərlər isə yalan çıxdı.
Suriyada rejimi devirmək üçün növbəti "Ərəb baharı” başlananda Dəməşq yaxınlığındakı Quta şəhərində insanlar kimyəvi hücuma məruz qaldı, yüzlərlə dinc sakin öldü. ABŞ məsuliyyəti Bəşər Əsədin üzərinə qoydu, Suriya hökuməti isə dərhal BMT inspektorlarının göndərilməsini təklif edərək qırğının kənar qüvvələrin təxribatı olduğunu bəyan etdi. BMT susdu, ABŞ isə Əsədin əsgərlərini bombalamağa başladı. Ağ Evin mətbuat katibi dedi: " Hətta Hitler kimyəvi silahdan istifadə etməmişdi”. Yenə nasistlərlə müqayisə. Və bu dəfə hədəf Hitlerdən də pisdir.
Sxem banal və primitivdir, ancaq hər dəfə də manipulyatorlar məqsədlərinə çata bilirlər. İnsanları qorxutmaq, güclü emosiyalar yaratmaq və şüru mürgüyə vermək - bundan sonra istədiyini etmək sadələşir.
Əgər Hitler və Göbbelsin ixtiyarında indiki informasiya resursları olsaydı, görəsən hansı dünyada yaşayardıq?
Yazıçı Larri Beynhart haqlıdır: "Uğursuz caniləri kriminologiya, qəlib gələn caniləri isə politologiya elmi öyrənir”...
Məmməd Süleymanov
Şərhlər