Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsi "əsas fondalara xidmət”lə bağlı satınalma müsabiqəsinə yekun vurub.
Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Qafqaznet” şirkəti seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 361 080 manatdır.
Şirkət bu məbələğə aqrotexnika, rabitə avadanlıqları, kamera və ötürücü antenaların təmirini həyata keçirəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, "Qafqaznet" MMC 11 dekabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllə, "Çinar Park" Biznes Mərkəzi, 4-cü mərtəbədə yerləşir. MMC-nin qanuni təmsilçisi Əfəndiyev Ramiq Natiq oğludur.
Araşdırmalarımız zamanı məlum olub ki, Ramiq Əfəndiyev 2022-ci ildən "Qafqaznet”də çalışır. O, 2025-cü ilin sentyabr ayınadək direktor müavini olub. Cari ilin sentyabrında isə şirkətin direktoru təyin edilib.
"Qafqaznet” MMC-nin sahibinə gəlincə, mediada gedən məlumatlara görə, şirkət föqvəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur. Kəmaləddin Heydərovun biznesi haqqında dərc edilən materiallarda da "Qafqaznet” MMC-nin adı keçir.
Şirkətin əsasən FHN və ona tabeli qurumların tenderlərində qalib seçilməsi bu iddiaların əsassız olmadığı qənaətini yaradır. "Qafqaznet” MMC cari ildə 5 tenderin qalibi seçilib. Bu tenderlərin 4-nü FHN və ya ona tablei qurumlar keçirib. Həmin tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 908 155,14 manat təşkil edir.
Seyid
Şərhlər