Sənət 11:30 12.05.2020

Nəsr: hekayə və roman yaradıcılığı

Azad Qaradərəli

(İki cildlik "Renessans həsrəti” kitabımın çapından sonra bir qrup gənc yazarla görüş zamanı çoxlu sualların yarandığını hiss etdim. O suallara şifahi cavab versəm də, sonradan bu esseni qələmə aldım. İlk başda məqalə kimi başlamışdım. Lakin fikirlərimin bir məqaləyə sığmayacağını gördükdə belə həcmli yazı meydana gəldi. Çoxdan başladığım essenin birinci hissəsini nəhayət ki, bu günlərdə bitirdim.)

Giriş

Nəsr, yaxud düz yazı, yaxud proza dünyada ədəbiyyat sahəsində liderliyi ələ keçirəndən sonra nələrə nail oldu? Hekayə janrı indi 100 il əvvəlki hekayədən nə ilə fərqlənir? Hekayəçilik niyə çətin iş sayılır? Çox ünlü hekayəçilərin sayı niyə əlin barmaqlarının sayından çox deyil?Hekayəçilik və naturalizm...

Bəs roman? Roman elə çox vaxt düz yazı demək deyilmi? Yəni roman janrı bu gün həm nəsrdə, həm də ədəbiyyatın digər janralarında liderliyini necə qoruya bilir? Bəs axı deyirlər, iri həcmli əsərlərə hövsələ çatmır?

Oxuyacağınız  mətndə bu və digər suallara cavab verməyə çalışmışam.

Hekayə və hekayəçilər

Hekayə elə bir ədəbiyyat hadisəsidir ki, onu yazmaq qədər zillətli iş tanımıram. Burada bir essemdən misal gətirmək istərdim yeri gəldiyi üçün. "Mən hekayə haqqında danışanda, yaxud yazanda bir qədər sıxılıram. Ondan ki, bu janrın sevincini də, qəhrini də yaşamışam. Amma bu dəqiqdir: yüz hekayənin sevinci bir hekayənin qəhrini unutdura bilməz. Hekayə qəddar şeydir. Tutmayanda səni beş paralıq edər. Günlər, saatlar, dəqiqələr haramın olar. Fikrin-zikrin onun yanında qalar. Dəmə qoyulan plov qazanının başına aşpaz fırlanan kimi, naxış-niyazını tutdurmayan dərzi əynə oturmamış paltara dizinə döyə-döyə baxan kimi və qazdığı qəbir daşa çıxan məzarçı ölü sahibinin yeddi arxa dönənini söyə-söyə təzə qəbir yeri gözətləyən kimi...” (Gənc yazar Nicat Azərin bir hekayəsindən bəhs edən "Mətnin ağırlığı və yazarın ruh halı” essesindən. ) 

Şəxsən özümdən misal çəkəcəyəm. 90-ların ortalarında 3 makina səhifəsi həcmi olan "Ulartı” adlı hekayə yazmışdım. Birnəfəsə yazdığım bu hekayənin başıma nə oyunlar açacağından şeytanın da başı çıxmaz. 

Hekayə bitər-bitməz anladım ki, birnəfəsə yazdığım bu heakyənin hekayə olması üçün hələ çox şey gərəkdir. Əslində, yazdığım süjet, yaxud da hekayənin qısa məzmunu imiş. Onu ətə-qana gətirmək üçün nələr etmədim?! 

Düz bir ay yuxum ərşə çəkildi. Gözümü yuman kimi qəhrəmanımın dustaq bacısı gəlib gözümün qabağını tutur, sanki "İndi nə edim? Saldın məni hekayənə, nəslimizi biyabır elədin? Mən bu biyabırçılığı nə ilə yuyum?!” deyib yapışırdı yaxamdan. Hələ o itə-qurda dönmədə olan oğlan?! Nə deyim axı, insanlar məndən kömək diləyirdilər...

Nəhayət 30-cu variant yazıldı. (Onda hələ kompüter yox idi, makinada yazırdım). Ən son makina vərəqlərini bir də gözdən keçirib səhəri verdim tənqidçi dostum Tehran Əlişanoğluna. O da sağ olsun. Durumumu görüb hekayəni əlüstü təzəcə buraxdıqları müstəqil qəzetdə verdi. (Nə idi qəzetin adı, indi təəssüf ki, unutmuşam... Hə, axır ki, çətinliklə də olsa xatırladım: "Press-fakt” idi adı. Onu da deyim ki, o qəzetdən sonra həmin hekayəni düz ona yaxın qəzet çap eləmişdi. Təəccüblənməyin, 90-ların sonu indiki kimi sayt bolluğunun əvəzinə, qəzet bolluğu var idi.) 

Bilirsinizmi niyə bu hekayənin üstündə bu qədər dayandım? İş ondadır ki, bu hekayə mənim yeni hekayəçilik baxışlarımın sərgiləndiyi mətn idi. Mən bundan belə daha qabaqlar yazdığım kimi yazmayacağam. Bu hekayə ilə mənim hekayəçilik baxışlarımda yeni bir dövr başlayır. Ən qabarıq cəhət bu idi ki, mən realist hekayəçilik ənənələrindən bir qədər aralanır, mistikaya, bəlkə də özüm də bilmədən postmodern hekayəçiliyə meyl edirdim.
Yox, elə başa düşülməsin ki, mən əvvəllər yazdıqlarımdan imtina edirəm, xeyr. Sadəcə, hər bir yazıçının həyatında belə proseslər baş qaldırır.

Məncə, hekayə ilə hekayəçinin arasında möhkəm bağ olmalıdır. Hekayəçi hekayədəki obrazların yerini, vəzifəsini, vəziyyətini, xasiyyətini, xəstəliyini, xobbisini və sairəni yaxşı bilməlidir. Hətta obrazın adı da mühümdür. Hekayəçi xasiyyətini bilmədiyi adamdan yazmamalıdır. Obraz qəhvə içəndirsə, hekayəçi çayxordursa, vəziyyət xarablaşacaq. Bir müddət qəhvəyə meyil salmalıdır... Mənə görə bunlar önəmli məsələdir. (Gülməli də olsa, bir haşiyə çıxacam: bir ara qəhvəyə tutulmuşam. Ürəyimdə də problem var. Arvad uşaq-böyüyü köməyə çağırdı, üsyan bayrağı qaldırdı ki, atanız ürəyini zora salır, kofeyə qurşanıb... Amma o bilmirdi ki, mənim yeni obrazım bərk qəhvəbazdır...) Bu yerdə böyük hekayə utası A.P.Çexovu köməyə çağırıram: "Qələmə alınan  mövzular sadə olmalıdır. Pyer Semyonov Mariya İvanova ilə necə evləndi, bax, onun kimi. Həm sonra psixoloji təhlilər, hekayt-filan. Bunlara mühüm diqqət yetirmək lazım. Ağlınıza gələn ilk adı qoyun. Burda çox vasvası olmayın. Dırnaqlar, çoxlu nöqtələr, işarələrdən qaçın. Bu bir tövsiyədir. Mənim işim anlatmaqdır. Bildiyim budur”. 

Baxın, Çexov mənimlə həmfikirə oxşamır, zira bu onun düşüncəsidir. Neçə yazıçı varsa, o sayda da fikir var hekayə haqqında. Hətta yazıçı tanıyıram ki, fikrini soruşsan, mən heç nə bilmirəm, elə başımı aşağı salıb yazıram deyəcək. Elə o da haqlıdır.

Və daha bir məsələ: hekayənin mayasında mif var! Hər bir hekayə hər hansısa mifdən qaynaqlanır: "Süd gölü”nü yazanda duydum bunu. Mətnin ortasında anladım ki, əlimi atdığım bağ zəifdir, qırıla bilər, məni okeanın ortasında tək buraxar. (Hekayəni zatən bir okean kimi düşünün. Düzgün olmayan istiqamət sizi quduz dalğalara yem edər.) Ona görə də əl atdığın bağ möhkəm olmalıdır. Və hekayəyə Fərhad-Şirin xəttini, Fərhadın Şirinin qəsrinə süd arxı çəkməsini daxil edirəm və daşlar yerinə oturur. 

"Hekayə və mif " adlı ayrıca bir essem var və o essedən bəzi hissələri burada işlətmədən keçə bilmirəm. (Türkiyəli yazıçı Ahmet Yıldızın Bakıda çıxmış kitabı haqqındadır o yazı.)

"...Hər yazının hekayəti var – buna mistik aura da deyə bilərsiniz, tarix də, mif də. 

Yoxsa bir yazıyla bir müəllifi, bir obrazı, bir tarixi və ya bir imperiyanın işartılarını duymaqmı olar? Amma olarmış...

...Nənəm bir zamanlar danışmışdı bu əfsanəni. 

Bir vilayətdə bərk quraqlıq olur. Əhalinin dəmyə taxıl zəmiləri yanıb tələf olur. Aclıq qapını kəsir. Bəs nə etsinlər? Körpə uşaqların acından zarıyan səslərini eşitməmək üçün vilayətin başçısı qulaqlarını qapayır. Az miqdarda taxıl ehtiyatını əhaliyə paylasa, növbəti ilə toxumluq olmayacaq...
Bu kimi çalıq-balıq suallarla allaha yalvarıb nicat istəyən vilayət hakimi səhəri dirigözlü açır. Qulağına həyətdən sevinc-şadlıq səsləri dəyəndə pəncərəyə yanaşır və görür ki, camaat sarayın qabağına yığışıb oxuyub-oynayır. Hakim qorxur. Elə bilir ki, əhali havalanıb. Amma vəzir onu əndişədən qurtarır: kənd əhli sulu torpaqlarda əkdikləri boranı-balqabaq sahəsindəki boranıları kəsərkən içindən qarğıdalı tökülüb. Vilayət əhlinin bir ilinə çatacaq qədər qarğıdalı çıxıb boranı sahələrindən... "Qarğıdalı yaman günün çörəyidir” deyimi o illərdən qalmadır...

Ahmet Yıldızın "Ay işığı, qarğıdalı tarlası” hekayəsini çevirəndə bilməzdim ki, o hekayə gün gələcək onun Bakıda çıxası kitabının adı olacaq. Hətta o adla razılaşmaq istəməmişdi. "Niyə axı bu adı seçmisiniz?” sualına hekayəni tərifləməklə cavab vermişdim. Amma bu əfsanəni bura üçün saxlamışdım...
Hər kitabın öz mifi var. Bu kitabın isə həm öz mifi, həm də hər hekayəsinin mifi var. Ac olsa da, insan əti yeməyən itin ("İt”), türmədə öz şair məni ilə üz-üzə qalan Nazim Hikmətin ("Yaradılış gecəsi”), başqa bir həbsxana küncündə ölümləri ilə hər gün dadışan gənclərin ("Dörd adam”)... mifi olduğu kimi...”
...Dilimizdə bir ifadə var: çaxmaq-qov. Adətən qəfil, bir göz qırpımında baş verən hadisəni təsvir edəndə bu kəlmə yada düşür. Məsələn, bir qadın o birinə heyrətinə səbəb olan hadisəni belə təsvir edir: "Qəfil şimşək çaxdı, sonra göy guruldadı, talaya od düşdü. Çaxmaq-qov!” (Qadın sözünü gəlişigözəl ifadə kimi işlətmədim. Lyosa ağrı ilə yazır ki, ədəbiyyat işi getdikcə qadın işinə çevrilir – yəni, bədii kitabları, xüsusən nəsri indi, əsasən qadınlar oxuyur.)

İldırım bəllidir, insanın ilk təbii odu görməsi və götürüb ram etməsi anından yaddaşında ilişib qalıb. Bəs bu çaxmaq-qov nəymiş? 

Bax, bu yeni hekayət, yeni mifdir. İnsan daha ildırımın düşməsini gözləmədən od əldə etməyi düşünüb çaxmaqdan və qovdan istifadə etdi. Yeri gəlmişkən, bunlara da aydınlıq gətirsək bir.

Çaxmaq bəllidir. Özündə energi daşıyan bu kiçik alətlə həm də bıçağı, orağı, dəryazı ovxarlayardılar. (Hətta indi bu söz yeni çalar qazanıb: siqareti, yaxud qazı yandırmaq üçün düzəldilən yeni alətə - alışqana da bəzən çaxmaq deyirlər.) "Babamın güzgüsü”nü yazanda bu çaxmaq məsələsi çox etkiləmişdi məni. Bu maraqlı əşyanı, bilmirəm, görmüsünüzmü? "B” hərfi formasında olan bu kiçik alət musiqi alətlərindən skripkaya bənzəyir. İçində od gəzdirdiyini bildiyində səni sehrləməzmi? Amma bununçün başqa bir əşyadan da söz açmalıyam.

Gələk qova. Meşədə-talada iri ağacların budağında, gövdəsində böyük göbələklərə, mantarlara bənzəyən şeylər bitir ki, bu parazit bitki quruyandan sonra yüngül və tezalışan maddəyə dönüşür. Bax, buna qov deyirlər. Əgər əski çaxmağı ağımtıl daşlara çaxsan, alov saçılar və o alovdan qov alışar... Eynən: öykünün miflə toqquşmasından yaranan qığılcım yazının içərisində bir alovlanma, enerji yaradacaq və əsil hekayəçi əsatirlə hekayənin arasındakı sərhəddi tarazlayaraq təbii oddan, ildırımdan deyil, süni oddan – insan zəkasının yaratdığı çaxmaq-qovdan doğulan Odu – hekayəni ram edə biləndir. Əks-təqdirdə, yanğın qaçılmazdır...

Belə bir sual hər zaman keçərlidir: 100 ilin hekayəsi ilə indinin hekayəsini nə fərqləndirir?

Cavabım bəlkə ritorik olacaq, amma reallıq budur: 100 ilin adamından bu günkü adamı nə fərqləndirirsə, hekayəni də fərqləndirən odur. Mirzə Cəlilin "Poşt qutusu” ilə Əkrəm Əylislinin "Nənəmim tütün kisəsi”ni nə fərqləndirir? 

Öncə belə bir sual: bu hekayələri nə birləşdirir? Cavab: hekayələrin ikisində də güclü dinamiklik, yığılmış daxili enerji və böyük insan faktoru var. Və hər iki hekayədə obrazlar o qədər güclüdür ki, oxucu müəlliflərin yaratdığı olay və obrazların basqısı altda qalır.

Bəs fərq? Məncə bu hekayələri ayıran xətt zaman və yazıçı manerasıdır. Birinci hekayədəki zaman çox qəddarlıqla verilib – hekayənin qəhrəmanı o qəddar zamanın ağırlığı altda inildəyir. İkincidə isə müharibənin vurduğu yara daha təsirlidir. Hər iki hekayədə zaman güc motividir. Amma fərqli amplualardan. Ə.Əylislinin zamanı əlahiddə bir zamandır – insanları gedər-gəlməzə aparan müharibə və onun qarşısında aziz olan insan. Amma yazıçı o insan acizliyini – tütün çəkməklə davaya gedən oğlunu hər an xatırlayacağını düşünən nənənin gücsüzlüyünü çox ustalıqla verə bilib. 

Və manera vərqi! Mirzə Cəlilə Ə.Əylislinin hekayəçilik manerası tam fərqlidir. Hətta "Nənəmin tütün kisəsi”nin yazıldığı dövrdən keçən 50 il ərzində yazılan hekayələr də, məsələn Alpay Azərin hekayələri belə sözügedən hekayədən çox fərqlidir. Bu gün yazılan ən yaxşı hekayələrdə qoyulan fikir əslində hekayədə təsvir olunan deyil. O mətnlərin alt qatı var ki, yazıçı bilərəkdən, yaxud bilməyərəkdən o alt qatda deyir sözünü. Mübariz Örənin "Qar tanrısı” hekayəsində o alt qat o qədər dərindədir ki, ora nüfuz etmək üçün nəinki 10 ilin, hətta 1000 ilin hekayəçilik təcrübəsindən xəbərdar olmalısan. (Məsələn, ən azı Nizaminin "Sirlər xəzinəsi”ndən.)

Bu bir həqiqətdir ki, hekayə və hekayəçilik ağır iş sayılıb həmişə. Yəni, hekayə yazan çox, hekayə ustası olanlar isə azdan da azdır. Bu yazıya qədər bir çox esselərimdə hekayə və hekayəçilikdən söz açmışam və elə bilirəm ki, həmin yazılardan da burada istifadə etməkdə yarar var. "Dünya hekayəçiləri sırasına nəzər salsaq, burda tünlük olduğunu görərik. Amma bu tünlükdə önə çıxanlar elə də çox deyil: Mopassan, Ohenri, Çexov... (Bizdən bu dəstəyə Mirzə Cəlil düşə bilər, əlbəttə özümüz siyahı tutsaq...) Çox gücənsək, bu siyahını  bəlkə ona qədər çatdıra bilərik. Hətta 2013-cü ilin hekayə üzrə Nobel ödülçüsü, Kanada yazıçısı Alisa Monro çətin ki, bu onluqda yer ala bilsin. Ədəbiyyat tarixi çox amansızdır. Dünənin oxunan yazıçısı on il keçməmiş, unudulur. Amma Turgenevi tək "Mumu”ya görə milyonlarla adam yadında saxlayır gözəl hekayə ustası kimi...

 "Mumu” demişkən, uşaqlıq və yeniyetməlik çağlarımda məni iki hekayə daha çox yaralayıb: biri həmin bu "Mumu”, biri isə elə də güclü nasir kimi tanımadığımız Abdulla Şaiqin "Məktub yetişmədi” hekayəsi. Uzun illər o hekayədəki situasiya yadıma düşəndə ağlamışdım...

... İlk hekayələrimi ali məktəb müəllimim İsmayıl Şıxlı, daha ciddilərini isə Sabir Əhmədli oxumuşdu. İsmayıl müəllim üstünə qəribə sözlər yazmışdı. ("...Adamı gövrək hisslər bürüyür...” və sair. Bu barədə bir neçə dəfə yazmışam, təkrarçılıq etmək istəmirəm.) O sözlərdən ürəklənib daha yaxşı yazmağa çalışdım. Sabir Əhmədli isə cəmi iki il sonra bir hekayəmi "Ədəbiyyat və incəsənət”də dərc etdi. Yəni, səni oxuyanın kimliyi də mühümdür...” (Gənc yazıçı Həmid Piriyevin hekayələrindən bəhs edən "Hekayə və hekayəşilik” essesi.)

"...-Sizi deyə bilmərəm, amma gözümlə görmədiyim, əlimlə toxunmadığım, ruhumla duymadığım bir şey mənlik deyil..."

Bu sətirlər mənim "Kəshakəs" adlı hekayəmdəki qəhrəmanıma aiddir. Həm də mənim öz düşüncəmdir bu. Son zamanlar (amma görünür, lap binadan, başdan) mən naturalizmə meyilliyəm. İnsan naturadan - təbiilikdən, doğallıqdan o qədər aralı düşüb ki... Həyatda da, cəmiyyətdə də, sənətdə də... İnsanı özünə qaytarmağın yolu naturalizmdən keçir... 

Hekayəni naturaçı, hekayəçini rəssam kimi düşünün. Rəssam naturaçı ilə işini o yerə qədər aparır ki, orada artıq naturaçı bitir. Hətta bir çox rəssamlar naturaçı ilə yatmalı olurlar – təbii, əgər qadınsa. Məncə, bu rəssamın naturaçını daha içdən tanıması anlamına gəlir, nəinki seks ehtiyacını ödəməyə. Yəni, hekayə, yazıçının – hekayəçinin hekayə ilə birləşdiyi andır. Hekayəçi ilə hekayə arasındakı sədlər götürülür. (Rəssamın naturaçı ilə yatağa girməsi də o anlamdadır: rəssamla rəsm, rəsmlə naturaçı arasında əlaqə burda üzə çıxır. Bildiyim qədəri ilə bir çox naturaçılar rəssamla sonda dalaşırlar, tablo onlara oxşamır deyə... Hekayə də belədir. Yazıçı naturadan işləsə də, antinatural bir mənzərə cızmış olur. Əsl hekayə odur!)

Bir neçə kəlmə də Azərbaycan hekayəsi haqqında. 

Bizdə bu janrın bənzərsiz nümunələri olub desəm, mübaliğəyə yol vermərəm. Amma təkcə "olub”, yox, olub və yenə olmaqdadır. Yəni, istər Sovet dövründə, istərsə Sovetdən qabaqkı çağlarda, elə indinin özündə də nadir hekayələr yazılıb, yazılmaqdadır. Əgər bir cildlik belə bir kitab tərtib edəsi olsam, ora kimləri və hansı hekayələri ilə salardım?

Məncə, ilk belə imzanı böyük Mirzə Fətəli yazıb "Aldanmış kəvakib”lə. Sonra ikinci Mirzə gəlir – Mirzə Cəlil "Poçt qutusu” ilə. (hərçənd Mirzə Cəlilin daha bir neçə hekayəsini örnək kimi göstərə bilərəm:”Buz”, "Saqqallı uşaq”, "Usta Zeynal”...) Ə.Haqverdiyev "Ayın şahidliyi”,  Abdulla Şaiq "Məktub yetişmədi”, S.S.Axundov "Qraca qız”, T.Şahbazi Simurq "Qayçı”, Ə.Məmmədxanlı "Karvan dayandı”, Sabir Əhmədli "Yamacda nişanə” (uzun hekayə), İsa Hüseynov "Teleqram” (uzun hekayə), Ə.Əylisli "Ürək yaman şeydir”, İsi Məlikzadə "Oğul”, Anar "Asılqanda işləyən qadın”, M.Süleymanlı "Yel Əhmədin bəyliyi (uzun hekayə), Rafiq Tağı "Fərqanə”, Saday Budaqlı "Zədə”, Sara Oğuz "Tale damğası”, Aslan Quliyev "Oğraş qarğa”, Əlabbas "Gözəl”, Məqsəd Nur "Tərs kimi”, S.Baycam "Dörd romantik hekayə”, Mübariz Örən "Balıq gülüşü”, Şərif Ağayar "Şeqlov üsulu”, Alpay Azər "Şax yeriyənlər”, Həmid Piriyev "Sərçələr üçün poema”, Mövlud Mövlud  "Yanaqda donmuş göz yaşı”... Özümdən, yəni Azad Qaradərəlidən bura "Aprel havası”nı salardım...

Və mənim ümidlə gələcəklərinə inandığım bir qom gənc yazıçı (bizdə adətən bənövşə dəstəsinə belə deyərlər) var ki, bu kitaba gözümü qırpmadan onların da hərəsindən bir hekayə salardım. Baxmayaraq ki, onların bəzilərinin yazıları haqda ümidli yazılar yazmışam, bəzilərinin ilk hekayələrini "yazı”da dərc etmişəm, amma hələ yaradıcılıqlarının tam yerinə oturmadığı, yazılarının maya tutub bərkimədiyi üçün burada adlarını çəkmirəm. Bunun bir ayrı səbəbi də var: o gənclərin hankısı bu əzici sənəti davam etdirməyə tab gətirəcək, bax, bunu bilmək olmur. Gözümüzün önündə  onlarla belə ümidverən imzalar yox olmadımı? Hətta ünlü  mükafat alanlar da vardı içlərində! (Mövludun adını isə "ağsaqqallar”ın içində ona görə verdim ki, o öz intiharı ilə imzasını ora həkk etmiş oldu və bir də o bir daha yazmayacaq. Amma yazmasa da, ədəbiyyat tarixində qalacaq - ən azı intihar etmiş yazıçı kimi.)
Mən "Qaraca qız” hekayəsindən qısaca söz açmaq istərdim. Hekayədə müasir insan obrazı ilə onun arxetipinin assosasiyası da mühüm məsələdir. Əsərdə bir qızın zəlzələ zamanı kimsəsiz  qalması qaraçı dəstəsinə qoşulmasına səbəb olur və sonunda bir qaraçı kimi tərbiyə alsa da, qəlbinin dərinliklərində insani dünyası, mənsub olduğu ailədən gələn humanist duyğular onun dostuna – Ağca qıza olan bağlılığının pik həddə çatması və Tutunun həyatını fəda etməsi ilə nəticələnir. Bu sevgidir – iki distun qəlb bağlılığıdır ki, biri həyatda qalsın deyə, digəri özünü fəda edir.

Bu mövzuda mənim də bir hekayəm var. Lap gənclik illərimdə yazdığım və yuxarıda adını çəkdiyim  "Aprel havası”nda da mövzu fədakarlıqdır. İnsanın – iki kəndli ər-arvadın bir cəviz şitili üzərində apardıqları mücadilə onların daxilində kök salmış arxetipdən – dərin qatlardakı sevgi və fədakarlıqdan xəbər verir. Əgər sən bunu onlara izah etməyə çalışsan, bir şey başa düşməzlər, çünki ədəbiyyat izahı olmayan insani duyğuların əksidir. "...biz xalqın qarşısında səcdə etməliyik, hər şeyi, həm düzgün fikri, həm də gözəl obrazı ondan gözləməliyik, biz xalq həqiqəti qarşısında səcdə etməliyik və onu yeganə həqiqət kimi qəbul etməliyik. Bir sözlə, biz, yəni dvoryanlar, yolunu azmış, ata evini atıb yad diyarlara üz tutmuş naşükürlər, nəhayət ki, öz evimizə, doğma ocağımıza, ailəmizə qayıtmalıyıq...” (F.M.Dostayevski)

Türkiyədə və daha bir neçə Şərq ölkəsində  ayrıca hekayəçilər deyilən bir sənət olub. Bilmirəm, indi də var, ya tarixə qovuşublar: xüsusi adamlar olub ki, kafelərdə, çayxanalarda hekayələr söyləmişlər və hətta bundan para da qazanmışlar. Əlbəttə bu şifahi hekayəçilərlə yazıçı hekayəçiləri qarışdırmaq doğru olmaz. Di gəl ki, bunların yaxınlığını da dana biməzsən... 

Bir dəfə Liviyada meydanda oturub hekayə söyləyən və söylədiyi hekayənin müqabilində adamlardan bəxşiş alan bir kişidən bəhs edən bir yazı oxumuşdum. Hesab edirəm ki, bu gələnək Osmanlı zamanında Liviyaya türklərdən keçib. Hər halda türklərin yaydığı ən maraqlı nəsnələrdən biri də bu olmalı. (Azərbaycanda belə hekayəçilər olmasa da, buna bənzər nağılçılar olub və hətta indi də var. Mərhum dostum Eldar Baxışın bir müəllimi vardı, heyf, adını unutmuşam, çağıradı radioya, mən aparardım studiyada uşaqlarçün maraqlı nağıllar söyləyərdi. Elə mənim babam və nənəm də maraqlı nağılçılar idilər. Kitablara düşən və düşməyən nağılları elə şövqlə danışardılar ki, sonradan  mən onları hekayə və romanlarımda istifadə etdim. Yazıçı üçün bu hekayəçilər və nağılçılar böyük qida mənbəyidir.)

Hekayə elə bir janrdır ki, bəşəriyyət ona həmişə möhtac olub, olacaq. Zira ən yaxşı hekayənin kim tərəfindən yazıldığı və yazılacağı da mübahisəlidir. Nədən ki, bütün zamanlarda sənət və sənətkarın qiymətləndirilməsi sırf zövq məsələsi olduğundan bundan artığını demək mümkün deyil. Kimi üçün Akutakava, kimi üçünsə Mopassan hekayəçidir.

Və sonda. Dostum Əlabbas bir dəfə yazmışdı:”Azad Qaradərəli hekayə yaza bilməyəndə, roman yazır...” Vallah çox sərrast deyib. Hekayə yazmaq iynə ilə gor qazmaqdır... Hə, hə, məhz gor...

Yazıçı təkcə yaratmır ki, yaratdığını öldürüb dəfn də edir...

May, 2020. 
(Davamı olacaq)