Dünya 13:36 22.12.2022

Netanyahu İsrailin yeni hökumətinin formalaşdığını elan etdi

Likud partiyasının rəhbəri, İsrailin keçmiş baş naziri Benyamin Netanyahu ölkənin yeni nazirlər kabinetinin formalaşdığını açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, KİV-in məlumatına görə, yeni hökumətin tərkibinə Dini Sionizm Partiyası da daxil olmaqla sağçı mühafizəkar blokun nümayəndələri daxil olacaq.

"Son seçkilərdə aldığımız böyük ictimai dəstək sayəsində mən bütün İsrail vətəndaşlarının xeyrinə işləyəcək bir hökumət yarada bildim”, - deyə Netanyahu Twitter-də yazıb. O, postunu İsrail prezidentinə zəng etdiyi video ilə də müşayiət edib.

"Netanyahu Hersoqa deyib ki, "Likud” fraksiyası, "Dini Sionizm”, "Şas”, "Yahadut HaTorah”, "Otzma Yehudit” və "Noam” partiyalarının daxil olacağı yeni hökumət "bütün İsrail vətəndaşlarının” xeyrinə işləyəcək”, – deyə "Jerusalem Post” yazıb.

Yeni hökumətin formalaşması zamanı Benyamin Netanyahu həm Qərb tərəfdaşlarının həddindən artıq sağçı nazirlər kabineti ilə işləmək istəməməsi, həm də sağçı mühafizəkar blok daxilindəki ziddiyyətlər səbəbindən bir sıra çətinliklərlə üzləşib. Dini Sionizm Partiyasının liderləri müdafiə və ictimai təhlükəsizlik nazirləri postlarına iddia ediblər.

Nizami Bağırov