XVII-XVIII əsr Avropa kişiləri adətən iri ağ pariklərdə, pudralanmış üzlə, çəkilmiş "ben”lərlə, dəbdəbəli kaptanlar və krujevalı jabotalı köynəklərlə təsvir olunur. Ancaq niyə saç və üz pudralanırdı, bu nə məqsədə xidmət edirdi və bu manipulyasiyalar hansı nəticələrə gətirib çıxarırdı - bunu az adam bilir.
Qaynarinfo "Unian"a istinadən bunun səbəblərini təqdim edir.
Avropada pariklər niyə taxılırdı?
"Parik” sözü ilə tanınan, uzun dalğalı saçlardan ibarət baş örtüyü əslində "alonj” adlanır və fransız dilindəki "allonger” – "uzatmaq” sözündən gəlir. Bu dəb Fransada ilk dəfə XVII əsrdə kral XIV Lüdovikin təşəbbüsü ilə yayılıb. O, ağır saç tökülməsindən əziyyət çəkdiyindən, şəxsi bərbəri Benoadan aldığı ilk alonj qızılı-qırmızımtıl rəngli təbii saçlardan hazırlanıb və aslan yelesini xatırladırdı. Kralın ardınca bütün fransız aristokratları bu dəbi mənimsəyib.
Daha sonra, qar kimi ağ alonjlar dəbə mindikdə, saçlar bol miqdarda un və ya xüsusi parik pudrası ilə örtülməyə başlanıb. Ziyalı təbəqəyə məxsus alonjlar yalnız qadın saçlarından hazırlanıb. Hətta belə bir versiya da var ki, bu saçlar çox vaxt edam olunmuş şəxslərdən götürülüb. Belə pariklər olduqca bahalı olub, lakin zadəganlar bu dəbdən imtina etməyiblər. Baş örtüyü olmadan cəmiyyətə çıxmaq etik normalara zidd sayılıb.
Pariki almağa imkanı olmayan məmurlar, burjuaziyalar, katiblər və zabitlər isə qoyun, keçi yunu və ya at, it quyruğundan hazırlanan daha ucuz versiyalarla kifayətləniblər. Maraqlıdır ki, məhz quyruq saçlarından hazırlanmış pariklər bu günə qədər İngiltərə və Avstraliya məhkəmə sistemlərində hakimlər tərəfindən istifadə olunur.
Parik taxılmasının ilk səbəbi – insanlarda saçsız görünmək qorxusu olub. Kişilər, müxtəlif səbəblərdən, o cümlədən yaşla bağlı və ya xəstəliklər üzündən meydana çıxan keçəllikdən utanıblar. XV əsrdən etibarən Avropanı bürüyən sifilis xəstəliyi insanlarda yalnız səpkilər və yaralar deyil, həm də görmə və yaddaş itkisi, eləcə də saç tökülməsi yaradıb. Başdakı çapıqları və izləri gizlətmək üçün parikdən istifadə olunub – bu, vizual effekt baxımından ideal idi.
İkinci əsas səbəb isə – bitlər olub. Bu parazitlər təkcə kasıblara deyil, varlı şəxslərə də təsir edib. Müxtəlif üsullarla mübarizə aparılsa da, saçları tam qırxmaq və parik taxmaq ən effektiv çıxış yolu kimi qəbul edilib. Alonj artıq istifadə üçün yararsız olduqda, parik bərbərə verilir, orada yuyulub qaynadılır, qurudulur, daranır və yenidən sahibinə qaytarılıb.
Avropada üz niyə pudralanırdı?
Tarixlə az da olsa maraqlanan hər kəs "qara çiçək” terminini eşidib. Bu xəstəlik Orta əsrlərdə Avropada saysız-hesabsız insanın ölümünə səbəb olub. XV əsrə qədər Avropa bir növ "böyük xəstəxana”ya çevrilib – həkimlər fasiləsiz işləyir, lakin virusla mübarizədə aciz qalıblar. Bu dövrdə hər ikinci insan çiçək xəstəliyinə yoluxub. Almanlar hətta belə bir məsəldə deyirdilər: "Von Pocken und Liebe bleiben nur Wenige frei” – "Çiçəkdən və məhəbbətdən çox az adam qaça bilir”.
Yəni, çiçəyə yoluxanlar arasında aristokratlar da olub və onlar XVII-XVIII əsrlərdə xəstəliyin izlərini gizlətməyə çalışıblar. İnsanlar tez başa düşüblər ki, üzə qalın təbəqədə ağ pudra çəkilsə, çapıqlar görünməz hala gəlir və bu cəmiyyətin ali təbəqəsini tam qane edib. Demək olar ki, hər kəs çiçək keçirdiyi üçün pudraya tələbat da çox olub və bununla paralel olaraq təklif də artıb.
Təəssüf ki, həmin dövrdə müasir texnologiyalar mövcud deyildi. Pudra hazırlanmasında əsas komponent kimi "ağ qurğuşun” adlı zərərli mineral boya istifadə olunub. Bu maddə rəssamlar arasında da tanınıb – sürətlə quruyur və səthi yaxşı örtür. Lakin yüksək toksikliyi səbəbindən qurğuşun insan orqanizmini zəhərləyir. Nəticədə aristokratlar baş ağrısı, ürəkbulanma, bağırsaq xəstəlikləri və hətta korluqdan əziyyət çəkilər.
Bu dəb nə vaxt sona çatdı?
Parik və pudra dəbi yalnız XVIII əsrin sonlarında tərk edilib. Buna əsas səbəb Fransız inqilabı və onun ardınca gələn iqtisadi böhran olub. Alonj taxmaq nəinki dəbdən düşüb, həm də iqtisadi baxımdan əlverişsiz və mənasız sayılıb – Avropa ölkələri demokratik dəyərlərə və bərabərliyə üstünlük verməyə başlayaraq, köhnə monarxik rejimin və dəbdəbənin simvollarından imtina ediblər.
Aydın
Şərhlər