Xəbər lenti

Britaniya məmurları bir ildə 1,3 milyon dəyərində 2 min mobil cihaz itirib
Dünya 16:43 22.06.2025

Britaniya məmurları bir ildə 1,3 milyon dəyərində 2 min mobil cihaz itirib

Böyük Britaniya hökumətinin üzvlərinə iş funksiyalarını yerinə yetirmək üçün verilmiş minlərlə mobil cihaz (smartfon, planşet və noutbuk) ya itib, ya da oğurlanıb. 

Qaynarinfo xəbər verir ki, "The Guardian" nəşrinin məlumatına görə, yalnız son bir ildə hökumət 2 mindən çox cihazın yoxa çıxmasını qeydə alıb və onların əvəzinin alınması üçün hər il 1,3 milyon funt-sterlinqdən çox vəsait xərclənib.

Nəşrin məlumatına əsasən, Əmək və Pensiya Təminatı Nazirliyi ötən il 240 noutbuk və 125 telefonun itirildiyini bildirib. Hökumət fəaliyyətini əlaqələndirən Nazirlər Kabineti isə 66 noutbuk və 124 mobil telefonun itib ya da oğurlandığını açıqlayıb. Bu ilin ilk beş ayı ərzində Müdafiə Nazirliyi 103 noutbuk və 387 telefonun itirildiyini qeyd edib.

Kibertəhlükəsizlik üzrə mütəxəssislər qeyd edirlər ki, bu cür hökumət cihazlarının mütəmadi olaraq itib ya da oğurlanması yalnız maliyyə itkisi deyil, həm də ölkənin milli təhlükəsizliyi üçün ciddi təhdiddir. Sörrey Universitetinin kibertəhlükəsizlik üzrə eksperti professor Alan Vudvord "The Guardian"a deyib: 

"Bu rəqəmlər olduqca yüksəkdir. Bu qədər cihaz itiriləndə, hakerlər üçün geniş imkanlar yaranır. Tutaq ki, bu cihazların cəmi 1 faizi sistem inzibatçılarına aid olub – bu belə, sistemi sındırmaq üçün yetərlidir”.

Müdafiə Nazirliyi və Britaniya Bankı isə bildirir ki, bu cihazlar itirilsə və ya oğurlansa belə, onların daxilindəki hökumət məlumatları şifrələmə sistemi sayəsində qorunur. Bununla yanaşı, hər bir itki halı üzrə istintaq aparılır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->