Şahin Cəfərli
Dünya 09:39 01.08.2022

Növbəti serb-alban savaşı ola bilərmi?

Serbiya Respublikası Avropa Birliyinə üzvlüyü strateji hədəf elan edib, rəsmi namizəd ölkə statusu alıb və üzvlük müzakirələri aparır. Serbiyanın ən iri ticarət ortağı AB-dir, əsas investisiyalar Avropadan gəlir. Müzakirə prosesinin uğurundan asılı olaraq AB fondları Serbiyanın üzünə açılacaq. 

Kosovoda NATO-nun sülhməramlı qüvvələri (KFOR) var və oraya hər hansı genişmiqyaslı hücum KFOR missiyasını da hədəfə çevirəcəyi üçün NATO-nun müdaxiləsi qaçılmaz ola bilər. İtaliyadakı bazalardan qalxacaq bir F-16 və bir F-35 eskadrilyası kifayətdir ki, serb ordusu darmadağın olunsun. 

Belə şərtlərdə Serbiyanın böyük hərbi avantüraya əl atması imkansızdır. (Kiçik insidentlər ola bilər.) Bu avantüranın ağır siyasi, iqtisadi və hərbi nəticələri ola biləcəyini, ölkənin Avropaya qapılarının bağlanacağını Serbiya rəhbərliyi yaxşı bilir. Üstəlik, iqtisadi böhran şəraitində müharibə aparmaq üçün Serbiyanın resursları da yoxdur. 

Bu tip gərginliklərin kökündə dayanan əsas səbəb budur ki, serb millətçiliyi fantom ağrılardan əziyyət çəkir və hələ də "Böyük Serbiya” illüziyasından qopa bilməyərək itirdiklərini qaytarmaq xəyalı ilə yaşayır. (Rusiya da maraqlıdır ki, yeni bir münaqişə ocağı yaradıb, Qərbin diqqətini Ukraynadan, ona dəstəkdən yayındırsın.) NATO-nun 1995 və 1999-cu ilərdə Balkanlarda keçirdiyi 2 böyük hərbi əməliyyatla militarist serb şovinizminin beli qırılıb. Bu əməliyyatlardan sonra Qərb son olaraq Monteneqronu Belqraddan ayırıb, onu NATO-ya daxil etməklə Serbiyanın dənizə çıxışını da kəsərək onu sıradan bir quru dövlətinə çevirib. Kosovonu saymasaq, Serbiyanın həmsərhəd olduğu 7 dövlətin 6-sı NATO üzvü, 1-i isə (Bosniya) NATO-ya rəsmi namizəddir. Yəni ölkə 4 tərəfdən avroatlantik məkanla əhatə olunub. Serb xalqının və dövlətinin tarixi dost-müttəfiq Rusiya ilə əlaqələrə böyük dəyər verməsinə, AB-yə üzvlük prosesinin Kosovonun tanınması şərtinə görə problemli irəliləməsinə baxmayaraq, Serbiya strateji seçimini edib: ölkənin yönü Avropa Birliyinədir. 

Yeri gəlmişkən, Kosovo presedentinin tez-tez "DQR”lə müqayisəsi və eyniləşdirilməsinə rast gəlirik ki, bu, çox yanlışdır. 

Kosovo müsəlmanları mərkəzi hökumətin etnik təmizlik və soyqırım cəhdinə məruz qaldıqları üçün demokratik dünyanın (Türkiyə də daxil olmaqla) hərbi müdaxiləsi ilə qoruma altına alınıblar. Bundan sonra müstəqillik elan ediblər və 100-ə yaxın dövlət tərəfindən rəsmən tanınıblar. Beynəlxalq hüquqda dövlətlərin ərazi bütövlüyü prinsipi və xalqların öz müqəddəratını təyinetmə hüququ daim toqquşur, lakin bir xalqı onun kökünü kəsmək istəyən dövlətin tərkibində qalmağa məcbur etmək absurddur, məhz bu cür durumlarda öz müqəddəratını təyinetmə legitim haqq sayılmalıdır. 

Qarabağdakı müharibə isə Azərbaycanın (mərkəzi hökumətin) yerli azlığa hücumları ilə başlamayıb, onlara qarşı hər hansı soyqırım və deportasiya siyasəti aparılmayıb. Tam əksinə, dominant etnos hər şeydən xəbərsiz hələ də "qardaş olub Hayastan-Azərbaycan” mahnısı oxuduğu dövrdə azlıq və onun himayəçisi (Ermənistan) tərəfindən silahlı hücuma məruz qalıb, Qarabağ və ətraf rayonlarda azərbaycanlı əhaliyə qarşı etnik təmizlik aparılıb. 

Bu səbəblərdən Ermənistan siyasətçilərinin yapışmaq istədikləri "xilas naminə ayrılmaq” (remedial secession) konsepsiyası məhz Kosovo nümunəsində keçərlidir, Qarabağda yox.

Kosovo və "DQR" müqayisəsi aparanlar bu prinsipial məqamlara diqqət etməlidir.

Şahin Cəfərli