Böyük Britaniya NATO-nun nüvə missiyasına qoşularaq 12 ədəd yeni F-35A tipli qırıcı təyyarə alacaq. Bu təyyarələr həm nüvə, həm də adi silah daşıya bilən ikiqat təyinatlı vasitələr olacaq və bu addım ölkənin milli təhlükəsizliyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi kimi qiymətləndirilir.
Qaynarinfo xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin rəsmi
saytı məlumat yayıb.
Hökumətin yaydığı məlumatda bildirilir ki, baş nazir Kir Starmer çərşənbə günü NATO sammiti zamanı ölkənin nüvə və adi silah daşıya bilən ikiqat təyinatlı təyyarələr alacağını elan edəcək.
Ümumilikdə Britaniya 138 ədəd F-35A qırıcı təyyarəsi almağı planlaşdırır.
Bu alqı-satqı, son nəsil ərzində Böyük Britaniyanın nüvə potensialının ən böyük gücləndirilməsi kimi təqdim olunur. Eyni zamanda, bu, Soyuq Müharibədən sonra ölkənin hava nüvə silahlarından imtina etməsindən sonra Kral Hərbi Hava Qüvvələrinin nüvə rolunun ilk dəfə bərpasıdır.
Təyyarələr NATO-nun nüvə missiyası çərçivəsində yerləşdiriləcək və bu, Alyansın nüvə çəkindirici imkanlarını gücləndirəcək.
"Qlobal qeyri-sabitlik dövründə biz artıq dünyanı olduğu kimi qəbul edə bilmərik. Bu səbəbdən mənim hökumətim milli təhlükəsizliyimizə sərmayə yatırır, Silahlı Qüvvələrimizi zəruri avadanlıqlarla təmin edir və ölkə boyu icmalar müdafiə sahəsindəki dividendlərdən faydalanır.
Ölkə üzrə 100 şirkəti və 20 000-dən çox iş yerini dəstəkləyən bu ikiqat təyinatlı F-35 təyyarələri Kral Hərbi Hava Qüvvələri üçün yeni bir dövrün başlanğıcı olacaq və Britaniya ilə müttəfiqlərimizə qarşı düşmən təhdidlərini çəkindirəcək”, - Starmer çıxışında deyib.
"Böyük Britaniyanın NATO-ya sadiqliyi mübahisə doğurmur, eləcə də Alyansın ölkəmizin təhlükəsizliyinə verdiyi töhfə də danılmazdır. Lakin biz hamımız NATO-nu gələcək nəsillər üçün qorumaq üçün səylər göstərməliyik”, - o, əlavə edib.
Bundan bir qədər əvvəl bildirilmişdi ki, Böyük Britaniya hökuməti ABŞ istehsalı olan və taktiki nüvə silahı daşımaq imkanına malik F-35A qırıcı təyyarələrinin alınması ilə bağlı Pentaqonla danışıqlar aparır.
Alpər
Şərhlər