Xəbər lenti

Okean axınları
Dünya 23:59 01.09.2025

Okean axınları "ölür": Avropanı fəlakətli iqlim dəyişikliyi gözləyir

Qlobal istiləşmə Atlantik okeanındakı axın sistemini dağıtmaqla Avropa üçün iqlim fəlakəti yarada bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Scienmag" Potsdam İqlim Dəyişikliklərinin Təsirləri İnstitutunun yeni tədqiqatına istinadən məlumat yayıb. Nəticələr "Environmental Research Letters" jurnalında dərc olunub.

Atlantik meridional çevrilmə dövriyyəsi (AMOC) dünya okean sisteminin əsas elementlərindən biridir. Onun tərkibinə məşhur Qolfstrim də daxildir və bu axın Qərbi Avropaya mülayim iqlim qazandırır. Alimlərin proqnozlarına görə, əsrin ikinci yarısında AMOC kritik həddə çataraq əvvəlcə zəifləyə, daha sonra isə tamamilə dayanaraq Avropada kəskin iqlim dəyişikliyinə səbəb ola bilər.

AMOC nəhəng bir konveyer kimi işləyir: tropiklərin isti və duzlu suları okeanın səthi ilə şimala doğru hərəkət edir, soyuq və daha sıx sular isə dərinliklərdə cənuba qayıdır. Məhz bu dövriyyə Avropada qışları nisbətən yumşaq edir və qlobal hava sistemlərinə təsir göstərir. Lakin havanın daha isti olması səbəbindən okean sularının kifayət qədər soyuyaraq dərinliyə batması çətinləşir. Bu, xüsusən Labrador, İrminger və Norveç dənizlərində dərin konveksiya mexanizmini pozur.

Proqnozlara görə, AMOC-un dayanması nəticəsində şimala doğru istilik axını 80 faizdən çox azala bilər. Bu isə ciddi iqlim dəyişikliklərinə gətirib çıxaracaq: Şimali-Qərbi Avropada yaylar daha quraq, qışlar isə xeyli sərt olacaq. Tropiklərdə isə yağıntı zonalarının yerdəyişməsi güclü mussonlara, quraqlıqlara və ya əksinə, daşqınlara səbəb ola bilər.

Tədqiqat müəlliflərindən Stefan Ramstorf bildirib ki, bu mərhələdə AMOC-un dayanması riskini tamamilə aradan qaldırmaq, yəqin ki, mümkün deyil. Lakin istixana qazı emissiyalarının sürətlə azaldılması bu ssenarinin ehtimalını və ya onun nəticələrinin miqyasını xeyli zəiflədə bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->