"Nvidia" 2024-cü ilin ikinci rübündə 46,7 milyard dollar gəlir əldə edib.
Qaynarinfo xəbər verir ki, şirkətin uğuru əsasən məlumat mərkəzi avadanlıqları, oyun və süni intellekt sistemləri, həmçinin avtomobil və robot texnologiyalarına olan yüksək tələbatla izah olunur. Qeyd olunur ki, bu nəticə Çinə yönəlik H20 satışları nəzərə alınmadan əldə edilib.
Lakin yeni sənədlər gəlirin əhəmiyyətli hissəsinin cəmi iki böyük müştəridən gəldiyini üzə çıxarıb.
Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən hesabatda göstərilir ki, "Nvidia"nın ikinci rüb üzrə gəlirinin 23 faizi "Müştəri A”, 16 faizi isə "Müştəri B” tərəfindən təmin olunub. Bu isə ümumi 46,7 milyard dollarlıq gəlirin təxminən 18,2 milyard dollarının yalnız iki şirkətdən əldə olunduğunu göstərir. Söhbətin fərdi istifadəçilərdən deyil, iri korporasiyalardan getdiyi qeyd olunur. Bununla belə, həmin müştərilərin adları açıqlanmayıb.
İlin ilk yarısında bu iki müştəri ümumi gəlirin 35 faizini təşkil edib. Bundan başqa, dörd müştəri də müvafiq olaraq 14, 11, 11 və 10 faizlik paylarla şirkətin dövriyyəsinə töhfə verib. Nəticədə "Nvidia" iki rüb ərzində ümumi gəlirin 81 faizini cəmi altı müştəridən qazanıb.
Şirkət bildirib ki, sözügedən tərəflər əsasən bulud xidmətləri təminatçıları deyil, OEM-lər, sistem inteqratorları və distribütorlardır. Buna baxmayaraq, həmin gəlirlərin "Google Cloud”, "AWS” və "Microsoft Azure” kimi bulud xidmətləri üzərindən dolayı şəkildə formalaşa biləcəyi ehtimal edilir.
Azsaylı müştərilərə bağlılıq müəyyən risklər yaratsa da, "Nvidia" optimist gözləntilərini qoruyur. Şirkət Çinə H20 tədarükü olmadan belə növbəti rübdə gəlirini 54 milyard dollara yüksəltməyi planlaşdırır. Bu isə xüsusən məlumat mərkəzləri və süni intellekt infrastrukturlarına böyük sərmayə yatıran, kimliyi açıqlanmayan tərəfdaşlarla güclü əməkdaşlığın davam etdiyini göstərir.
Aydın
Şərhlər