XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Osimhen dubl etsə də “Qalatasaray” xal itirdi
İdman00:52 15.08.2026

Osimhen dubl etsə də “Qalatasaray” xal itirdi

Türkiyə Superliqasının 2026/27 mövsümünün ilk turunda “Qalatasaray” “Çorum FK” ilə 2:2 hesablı heç-heçə edib.

Qaynarinfo-nun verdiyi xəbərə görə, qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. Matçdakı bütün qollar fasilədən sonra vurulub.

“Qalatasaray” 53-cü dəqiqədə Viktor Osimhenin qolu ilə hesabda önə keçib. Lukas Torreyra rəqib meydançasının sağ cinahından cərimə meydançasına hərəkət edən Osimhenə ara ötürməsi verib. Nigeriyalı hücumçu yerdən sıçrayan topu qapıçı Felipedən keçirərək son xəttə yaxınlaşıb və iti bucaq altından boş qapını dəqiq nişan alıb.

Bu qol eyni zamanda Türkiyə Superliqasının 2026/27 mövsümündə vurulan ilk qol olub.

“Çorum FK” 59-cu dəqiqədə hesabı bərabərləşdirib. Fredidən ötürmə alan Aleksandros Kiziridis cərimə meydançasının kənarından qüvvətli zərbə ilə topu qapıya göndərib.

Cəmi iki dəqiqə sonra “Qalatasaray”ın müdafiəsində kobud səhv baş verib. 61-ci dəqiqədə Davinson Sançes topu itirib. Fürsətdən yararlanan Xesus Ramires qapıçı Uğurcan Çakırın irəli çıxdığını görərək aşırma zərbə ilə “Çorum FK”nı 2:1 hesabı ilə önə keçirib.

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk 71-ci dəqiqədə Davinson Sançesi əvəzləyib. Baş məşqçi bu zaman azarkeşləri futbolçuya dəstək verməyə çağırıb.

İstanbul təmsilçisi məğlubiyyətdən matçın sonlarında xilas olub. 90-cı dəqiqədə sağ cinahdan yerinə yetirilən künc zərbəsindən sonra arxa dirək yaxınlığında olan Osimhen başla topu tora göndərib və hesabı 2:2 edib.

Beləliklə, Osimhen mövsümün ilk oyununda dubla imza atıb, “Qalatasaray” isə Superliqanın ilk turunda “Çorum FK” ilə 2:2 hesablı heç-heçə edərək bir xal qazanıb.