Turizm şirkəti 50-dən çox populyar istiqaməti müqayisə edərək bir nəfərin yaşayış, qidalanma, nəqliyyat və əyləncə xərclərinin gündə 100 avrodan aşağı olduğu şəhərlərin reytinqini hazırlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "Thomas Cook" turizm operatorunun bloqu yazıb.
"Yaydan sonrakı darıxdırıcı dövr bizi tez-tez növbəti səyahət barədə düşünməyə və plan qurmağa vadar edir. Bəs növbəti yaya qədər niyə gözləməliyik? Ucuz payız şəhər səyahəti məzuniyyətdən sonra yaranan boşluğu doldurmaq üçün ideal seçimdir və bunun üçün növbəti böyük səfərə pul yığmağa ehtiyac yoxdur", deyə nəşr qeyd edib.
İstirahətin ən ucuz başa gəldiyi şəhərlər
Ən sərfəli istiqamət Albaniyanın paytaxtı Tirana olub. Burada bir nəfər üçün bir günlük istirahətin orta qiyməti təxminən 59 avrodur. Üçulduzlu oteldə bir gecəlik qalmaq adambaşına orta hesabla 32 avroya başa gəlir. Ucuz restoranda şam yeməyinin qiyməti təxminən 8,50 avro, yerli pivənin qiyməti isə cəmi 1,50 avrodur.
İkinci yeri Buxarest tutub. Rumıniyanın paytaxtında restoranda orta hesabla şam yeməyi 12 avrodan bir qədər bahadır, avtobusda gündəlik gediş bileti isə təxminən 1,50 avrodur.
Ən sərfəli beş şəhər arasında Türkiyənin iki istiqaməti də yer alıb. Antalya Varşava ilə birlikdə üçüncü yeri bölüşüb, İstanbul isə beşinci sırada qərarlaşıb.
İstanbul xüsusilə münasib mənzil qiymətləri ilə seçilir. Oteldə qalmağın orta qiyməti adambaşına təxminən 28 avrodur. Ucuz restoranda isə təxminən 8-9 avroya yemək mümkündür.
Şərqi Avropa və Türkiyə ən əlçatan istiqamətlər olaraq qalır
"Şərqi Avropa və Türkiyənin şəhər istiqamətləri davamlı olaraq münasib qiymətlər nümayiş etdirir. Turist axınının artması ilə bu məkanlar uzun müddət səyahətçilər üçün gizli seçim olaraq qalmayacaq", deyə "Thomas Cook" şirkətinin dinamik paket turları üzrə direktoru Nikolas Smit bildirib.
Reytinqə bir nəfər üçün təxmini gündəlik xərclərin 100 avrodan çox olmadığı 13 Avropa şəhəri daxil edilib.
Sentyabrda Avropanın ən sərfəli şəhərləri
* Tirana, Albaniya – gündə 59 avro
* Buxarest, Rumıniya – 66 avro
* Antalya, Türkiyə – 78 avro
* Varşava, Polşa – 78 avro
* İstanbul, Türkiyə – 82 avro
* Muğla, Türkiyə – 87 avro
* Krakov, Polşa – 87 avro
* Vilnüs, Litva – 90 avro
* Frankfurt, Almaniya – 90 avro
* Lion, Fransa – 91 avro
* Tallin, Estoniya – 93 avro
* İraklion, Yunanıstan – 99 avro
* Porto, Portuqaliya – 100 avro
Aydın
Şərhlər