Xəbər lenti

Ekonomiks 13:00 20.10.2023

Paytaxt hansı şəhərə köçürülə bilər? - Ekspertdən iki təklif

"Hesab edirəm ki, paytaxtı Yevlax və Bərdə şəhərinə köçürmək olar". 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert, Liberal İqtisadçılar mərkəzinin sədri Akif Nəsirli təklif edib. Onun sözlərinə görə, Bərdə və Yevlax ölkənin tam mərkəzi, həm də inkişafdan nisbətən geri qalmış hissədir:

"Kənd təsərrüfatı sahələri inkişaf edib, amma bu, bizim iqtisadiyyatın dəyər baxımından çox az hissəsidir. Yeni bir şəhərin inkişaf etməsi məsələsi ortaya çıxacaq. Paytaxtın ətrafında sözsüz ki, sənaye, strateji obyektlər ucalacaq. Hansı şəhər seçilsə, həmin şəhərdə komnikasiyalar inkişaf edəcək. Xankəndi artıq şəhərdir. Onun tikintiyə elə də ehtiyacı yoxdur. Amma biz Ağdamı yenidən tikib, qurub və sonra orada məskunlaşmalıyıq. Biz Ağdam, yaxud da Yevlax şəhərlərindən birini seçib plana uyğun olaraq inkişaf etdirib böyük şəhərə çevirə bilərik".

Akif Həsirli dünya ölkələri arasında paytaxtını dəyişən xeyli ölkənin olduğunu vurğulayıb: 



"Məsələn, Qazaxıstan paytaxtı Alma-Ata şəhərindən Astanaya köçürüb. Bunun bir sıra səbəbləri var. O cümlədən ölkənin tam mərkəzində paytaxtın olması məsələsi var idi. Azərbaycanda isə paytaxtın köçürülməsini vacib edən məsələ ölkə iqtisadiyyatının disbalans inkişafıdır. Yəni, Bakı şəhəri və onun ətraf regionları - Sumqayıt, Abşeron sürətlə inkişaf edir və ölkənin dövlət büdcəsinin 90%-dən çoxu bu ərazidə formalaşır. O cümlədən ixracatın da 90%-i qeyd etdiyimiz paytaxt və onun ətrafında formalaşır. Ölkənin digər 12 iqtisadi rayonunda büdcənin 10%-i, ixracatın da 10%-i formalaşır. Ona görə də Azərbaycanda iqtisadiyyatın ölkə üzrə paylanması problemi var".

Akif Nəsirli deyib ki, bu problem aradan qalxmalıdır: 

"Hazırda işğaldan azad olmuş ərazilərdə müasir standartlara uyğun yaşayış məntəqələrinin salınması, azad iqtisadi zonanın yaradılması, infrastrukturun formalaşdırılnması bu istiqamətdə atılan addımlardandır. Bu addımlardan biri paytaxtın yerinin dəyişdirilməsi ola bilər. Yəni düşünmürəm ki, paytaxtın Xankəndinə və yaxud Ağdama köçürülməsi real olardı. Hazırda həmin ərazi bizimlə münaqişədə olan, hələ də sülh bağlanmayan Ermənistana yaxın ərazidir. Ona görə də paytaxtın Xankəndinə və yaxud Ağdama köçürülməsi düzgün deyil. Paytaxtda adətən  dövlətin, ölkənin düşünən beyinləri toplaşır, strateji idarəetmə mərkəzdir. Ona görə də ölkənin paytaxtını təhdid altına atmaq düzgün deyil".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?