Riyaziyyat dünyasının ən tanınmış sabitlərindən biri olan Pi sonsuz görünən rəqəm zənciri ilə kompüter mühəndislərini heyran etməyə davam edir. Sonu olmayan bu nəhəng rəqəm zənciri, texnologiya şirkəti "StorageReview" tərəfindən qırılan rekord sayəsində yenidən diqqət mərkəzindədir.
Qaynarinfo xəbər verir ki, tək bir "Dell PowerEdge R7725" serveri üzərində təxminən dörd ay fasiləsiz aparılan hesablamalar nəticəsində Pi sayının tam 314 trilyon basamağı açıqlanıb. Bu uğur, müasir hesablama dünyasında əsas mübarizənin yalnız prosessor sürətində deyil, həm də yaddaş tutumu və effektivlikdə olduğunu bir daha sübut edib.
Hesablamalarda 1,5 terabaytlıq yaddaş dəstəyi istifadə edilib və şirkət nümayəndələri qeyd edirlər ki, rekordun əsas uğur nöqtəsi məhz yaddaş qatının effektivliyindədir. Son bir neçə ildə Pi rekordları ardıcıl olaraq yenilənib: "Google Cloud" 2022-ci ildə 100 trilyon rəqəmli cəhd etmiş, 2024 və 2025-ci illərdə isə müxtəlif qurumlar bu həddi 300 trilyonun üzərinə qaldırmışdı. "StorageReview" isə 314 trilyon rəqəmli zirvəni yenidən ələ keçirərək nəticələri 14 mart "Pi Günü"nə çatdırıb.
Gündəlik həyatda sadəcə "3,14” kimi tanıdığımız Pi, bir dairənin çevrəsinin diametrinə nisbətini göstərir və kainatın geometriyasını təsvir edən əsas sabitlərdən biridir. Körpülərin inşasından planetlərin orbit hesablamalarına, səs dalğalarının analizindən mürəkkəb kompüter modellərinə qədər hər yerdə istifadə olunur.
Riyazi cəhətdən "irrasional" bir ədəd olması, onun iki tam ədədin nisbəti kimi yazıla bilməyəcəyi və onluq yerlərinin heç vaxt təkrarlanan bir qanunauyğunluq izləməyəcəyi deməkdir. Bu sonsuz axın riyaziyyatçı Yohan Lambertin 1761-ci ildə sübut etdiyindən bəri elm adamlarını valeh edir.
NASA kimi təşkilatlar kainatın ən dəqiq hesablamaları üçün belə Pi-nin yalnız ilk 16 rəqəmindən istifadənin kifayət etdiyinə inanırlar. Lakin, bu trilyonlarla rəqəmi tapmaq səyi sadəcə riyazi maraq deyil. Bu cür kütləvi hesablamalar kompüter aparat və proqram təminatının məhdudiyyətlərini aşmaq üçün istifadə edilən ən çətin testlərdən biridir. Pi-nin hesablanması kompüterin yaddaş sistemindəki zəif cəhətləri aşkar edir və çoxlu miqdarda məlumatları emal etmək üçün istifadə olunan alqoritmləri təkmilləşdirməyə kömək edir.
"StorageReview" komandası 314 trilyon rəqəmli nəticəyə nail olmaq üçün saniyədə 280 giqabaytlıq bant genişliyindən istifadə edib. Bu, vahid mərkəzi yerdən çoxlu miqdarda məlumat trafikinin problemsiz idarə olunması deməkdir.
Aydın
Şərhlər