2010-cu illərdə "Netflix" rəqəmsal dövrün hədiyyəsi kimi görünürdü: Sevilən serial və filmlərə bir abunə ilə əlçatanlıq, reklamsız baxış və şübhəli torrentlərə ehtiyacın olmaması. Lakin 2025-ci ildə mənzərə dəyişib - pirat servislər yenidən populyarlıq qazanır və ekspertlərin fikrincə, səbəb izləyicilərin "xəsisliyi" deyil, striminq sənayesinin böhranıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Land of Geek" portalı yazır.
Məsələn, "Severance" (Rupture) serialına baxmaq üçün "Apple TV+" abunəsi, "The Office" üçün "Peacock" lazımdır. İdman yayımları isə "Paramount+", "Fubo", "Amazon", "ESPN+" və digər platformalara parçalanıb. Üstəlik, kontent tez-tez lisenziya və maliyyə səbəblərinə görə kataloqlardan silinir.
Nəticədə orta amerikalı ailə aylıq təxminən 70 dolları abunələrə xərcləyir, amma yenə də izləmək istədiyi məzmuna asan çıxış tapa bilmir. Bu isə bir çoxunu pirat mənbələrə yönəldir.
Məqalədə qeyd olunur ki, müasir pirat platformalar artıq daha funksionaldır: onlar HD keyfiyyət, reklamsız izləmə və zəngin kitabxanalar təklif edir. Bundan başqa, istifadəçilərin artıq ödəniş etdiyi filmlərin və ya layihələrin rəsmi servislərdən silinməsi narazılığı artırır. "HBO Max" "Westworld" serialını, "Disney+" onlarla orijinal layihəsini kataloqdan çıxarıb, "Amazon" isə bəzi ödənişli filmlərə giriş imkanını məhdudlaşdırıb.
Sorğular göstərir ki, "Z nəsli" və millenialların 50%-dən çoxu son altı ayda ən azı bir abunədən imtina edib. "Nielsen"in məlumatına əsasən, 2025-ci ilin iyununda ABŞ-da televiziya izləmələrinin 46%-i striminqə aid olsa da, 2017–2023-cü illər arasında pirat saytlara giriş 85 milyard dəfə qeydə alınıb.
"Netflix" artıq şifrə paylaşımını məhdudlaşdırıb, "Amazon" və "Disney+" isə reklamlı paketləri irəli sürüb. Lakin ekspertlər hesab edir ki, əsas prinsip – istifadəçi üçün rahatlıq – geri qaytarılmadan bu tədbirlər effektli olmayacaq.
Proqnozlara görə, 2027-ci ilə qədər ABŞ-da piratlıqdan yaranan itkilər 113 milyard dolları keçə bilər. Əgər striminq platformaları dəyişməsə, qeyri-leqal kitabxanaların "yeni qızıl dövrü"nün qarşısını almaq çətin olacaq.
Aydın
Şərhlər