Xəbər lenti

ABŞ texnologiya nəhəngləri arasında qarşılıqlı ittihamlar - İki məşhur CEO üz-üzə
Texnologiya 17:40 13.08.2025

ABŞ texnologiya nəhəngləri arasında qarşılıqlı ittihamlar - İki məşhur CEO üz-üzə

"X" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask, "Apple"ı antitrest qaydalarını pozmaqda, "OpenAI" rəhbəri Sem Altman isə Maskı "X" platformasının alqoritmini manipulyasiya etməkdə ittiham edib. İki tanınmış iş adamı sosial şəbəkədə bir-birinə sərt cavablar verib.

Qaynarinfo xəbər verir ki, Mask sahibi olduğu "xAI"ın tətbiqləri olan "Grok" və "X"in "App Store"da ChatGPT ilə müqayisədə kifayət qədər görünür olmamasını əsas gətirərək "Apple"a qarşı hüquqi addım atacağını açıqlayıb. O, paylaşımında "Apple"ın yalnız "OpenAI"ın ChatGPT tətbiqinə üstünlük verərək rəqabəti məhdudlaşdırdığını bildirib:

"Apple, "OpenAI"dan başqa hər hansı süni intellekt şirkətinin "App Store"da birinci yerə çıxmasını qeyri-mümkün edir. Bu, açıq-aşkar antitrest pozuntusudur. xAI dərhal hüquqi prosesə başlayacaq".

Altman isə "X" üzərindən verdiyi cavabda Maskı platforma alqoritmini öz şirkətlərinin maraqları üçün dəyişməkdə günahlandırıb. Mask isə buna belə reaksiya verib:

"Sən yalan danışırsan, mənim bir çox paylaşımlarımdan daha çox baxış alan, 3 milyon görüntülənmiş mənasız paylaşımın var, halbuki mənim izləyici sayım sənin kindən 50 dəfə çoxdur".

Altman Maskdan "X" alqoritmində dəyişiklik edib-etmədiyinə dair andlı ifadə imzalayıb-imzalamayacağını soruşub və əks halda üzr istəyəcəyini bildirib.

"Apple" 2024-cü ilin iyununda ChatGPT-nin ağıllı cihazlara inteqrasiyası üçün "OpenAI" ilə tərəfdaşlıq qurduğunu elan etmişdi. Bununla belə, Maskın iddialarına əlavə edilən "Topluluq Qeydləri"ndə Çin istehsalı "DeepSeek"in 2025-ci ilin yanvarında "App Store"da birinci yeri tutduğu, "Perplexity"nin isə iyulda Hindistan "App Store"unda zirvədə olduğu vurğulanıb.

Mask-Altman qarşıdurması 2015-ci ildə birlikdə qurduqları "OpenAI" üzərində yaranıb. Layihə əvvəlcə qeyri-kommersiya məqsədli süni intellekt təşəbbüsü kimi fəaliyyətə başlayıb, lakin 2019-cu ildə kommersiya bölməsi yaradılıb. Mask, "Microsoft"la əməkdaşlıqdan sonra şirkətin yalnız investor gəlirini önə çəkərək qurucu missiyasından uzaqlaşdığını iddia edib.

2018-ci ildə Mask "OpenAI"ı tam satın almağı təklif etsə də, idarə heyəti və Altman bunu rədd edib. Bundan sonra Mask şirkətdən ayrılıb və maliyyə dəstəyini dayandırıb. O vaxtdan bəri tərəflər arasında məhkəmələr, sosial media qarşıdurmaları və ictimai açıqlamalar davam edir.

Mask 2025-ci ilin fevralında da şirkəti 97,4 milyard dollara almağa cəhd göstərmiş, lakin təklif yenidən rədd edilmişdi.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->