
Xəbər verdiyimiz kimi, məhkəmə həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum edib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, mirasdan məhrum edilən şəxs plastik cərrah Türkan Gündüzün həyat yoldaşı Muhammet Gündüz imiş.
Mərhumun qızı atasının anasından qalan mirasa münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsi iddianı təmin edib, apellyasiya instansiyası isə bu qərarı dəyişdirmədən saxlayıb.
Cavabdeh kassasiya şikayətində cinayətin qısqanclıq zəminində törədildiyini, miras əldə etmək məqsədi daşımadığını əsas gətirərək ləyaqətsiz vərəsə hesab edilməsi üçün hüquqi əsasların olmadığını bildirib. Ali Məhkəmənin Mülki kollegiyası isə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşıb.
Qeyd edək ki, Türkan Gündüz 2023-ci il mayın 7-də Abşeron rayonunun Novxanı qəsəbəsində qətlə yetirilib. Cinayətdə təqsirləndirilən Türkiyə vətəndaşı Muhammet Gündüz Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.
Aydın