Xəbər lenti

AMB, IMF və nazirliyin proqnozları arasındakı fərqlər: 2027-ci il üçün əsas iqtisadi risklər nədir?
Ekonomiks14:47 13.10.2026

AMB, IMF və nazirliyin proqnozları arasındakı fərqlər: 2027-ci il üçün əsas iqtisadi risklər nədir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Beynəlxalq Valyuta Fondu (IMF), İqtisadiyyat Nazirliyi və Azərbaycan Mərkəzi Bankının (AMB) ölkə iqtisadiyyatının artımı ilə bağlı proqnozları bir-birindən fərqlənir. IMF 2026-cı ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 1,7 faiz, 2027-ci ildə isə 2,3 faiz artacağını gözləyir. İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, bu il iqtisadi artım 1,7 faiz, gələn il isə 2,7 faiz olacaq. AMB isə 2026-cı il üçün 0,5 faiz, 2027-ci il üçün 2,6 faiz artım proqnozlaşdırır.

Bəs bu fərqlər hansı amillərlə bağlıdır və 2027-ci ildə Azərbaycan iqtisadiyyatını hansı risklər gözləyir?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, proqnozlar arasındakı fərqlər, ilk növbədə, iqtisadi artımın hansı amillər hesabına formalaşacağına dair fərqli qiymətləndirmələrlə bağlıdır.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar qlobal iqtisadi vəziyyətlə yanaşı, neftin qiymətini, hasilat dinamikasını, xarici ticarəti, investisiya axınlarını və daxili tələbatı nəzərə alırlar. İqtisadiyyat Nazirliyi isə ölkə daxilində planlaşdırılan dövlət investisiyalarını, qeyri-neft sektorunun inkişafını və ayrı-ayrı sahələrdə gözlənilən artımı da hesablamalara daxil edir:

“Azərbaycan iqtisadiyyatında neft-qaz sektoru ixrac gəlirlərinin formalaşmasında və dövlət büdcəsinin gəlirlərinin təmin edilməsində mühüm rol oynayır. Buna görə də neftin dünya bazarındakı qiymətinin dəyişməsi, hasilatın azalması və ya artması iqtisadi artım proqnozlarına birbaşa təsir göstərə bilər. Neftin qiyməti yüksək olduqda büdcə gəlirləri və investisiya imkanları genişlənə bilər. Əksinə, qiymətlərin aşağı düşməsi dövlət xərclərinin maliyyələşdirilməsinə, daxili tələbatın dinamikasına və iqtisadi fəallığa təsir edə bilər”.

Akif Nəsirli qeyd edib ki, proqnozların fərqlənməsində istifadə olunan iqtisadi fərziyyələr də mühüm rol oynayır. Hökumətin 2027-ci il üçün iqtisadi artım proqnozu 2,7 faiz, qeyri-neft sektorunun artım proqnozu isə 4,4 faizdir. Büdcə hesablamalarında neftin bir barelinin qiyməti 65 dollar götürülüb. İqtisadçının fikrincə, fərqli proqnozlar tərəflərdən birinin mütləq yanlış hesablamalar apardığı anlamına gəlmir:

“Hökumətin proqnozları planlaşdırılan iqtisadi tədbirlərin və dövlət investisiyalarının gözlənilən nəticələrini daha çox nəzərə ala bilər. IMF isə hasilat imkanlarını, özəl investisiyaların dinamikasını, biznes mühitini və xarici iqtisadi riskləri qiymətləndirərək daha ehtiyatlı ssenari seçə bilər. Əsas məsələ proqnozların hansı fərziyyələrə söykəndiyini və həmin fərziyyələrin nə dərəcədə reallaşa biləcəyini müəyyənləşdirməkdir”.

İqtisadçı 2027-ci ildə Azərbaycan iqtisadiyyatı üçün əsas risklərdən birinin neft hasilatının azalması olduğunu vurğulayıb. Onun sözlərinə görə, qeyri-neft sektorunda artım yüksək olsa belə, karbohidrogen istehsalındakı zəifləmə ümumi iqtisadi artımı məhdudlaşdıra bilər. Buna görə də iqtisadiyyatın şaxələndirilməsi qeyri-neft sektorunun ÜDM-də payının artırılması ilə məhdudlaşmamalı, məhsuldarlığın, ixracın və özəl investisiyaların davamlı yüksəlişi ilə müşayiət olunmalıdır:

“Digər mühüm risk dünya bazarında neft qiymətlərinin dəyişməsidir. Neftin qiymətinin büdcədə nəzərdə tutulandan aşağı düşməsi dövlət gəlirlərinə və Dövlət Neft Fondundan büdcəyə transfertlərə təzyiq yarada bilər. Bu, dövlət investisiyalarının və daxili tələbatın dinamikasına təsir göstərə bilər. Əksinə, yüksək neft qiymətləri qısamüddətli gəlirləri artıra bilər, lakin bu, iqtisadiyyatın neftdən asılılığı problemini öz-özünə həll etmir”.

Akif Nəsirli inflyasiyanın və əhalinin alıcılıq qabiliyyətinin də iqtisadi artıma təsir edən amillər sırasında olduğunu bildirib:

"Ərzaq və digər zəruri məhsulların bahalaşması real gəlirləri azalda və istehlak tələbatını zəiflədə bilər. Eyni zamanda, geosiyasi gərginliklər, logistika xərclərinin artması, xarici bazarlardakı dəyişikliklər və ticarət tərəfdaşlarında iqtisadi fəallığın zəifləməsi Azərbaycanın ixracına mənfi təsir göstərə bilər".

İqtisadçının fikrincə, iqtisadi artımın dayanıqlılığı dövlət xərclərinin səmərəliliyindən, özəl sektorun maliyyə resurslarına çıxışından, rəqabət mühitindən və əmək məhsuldarlığından da asılıdır. Artım əsasən dövlət investisiyaları və büdcə xərcləri hesabına formalaşarsa, özəl sektorun təşəbbüskarlığı və yeni istehsal sahələrinin inkişafı kifayət qədər sürətlənməyə bilər:

“Buna görə də investisiyaların qeyri-neft sektoruna, ixracyönümlü istehsala, kənd təsərrüfatının emalına və yüksək əlavə dəyər yaradan sahələrə yönəldilməsi vacibdir”.

Akif Nəsirli hesab edir ki, 2027-ci ildə əsas məqsəd yalnız proqnozlaşdırılan iqtisadi artım göstəricisinə nail olmaq deyil, bu artımı dayanıqlı mənbələr hesabına təmin etməkdir:

"Neft hasilatındakı azalmanın təsirlərini kompensasiya etmək, qeyri-neft ixracını genişləndirmək, özəl investisiyaları artırmaq və büdcə gəlirlərinin neftdən asılılığını azaltmaq Azərbaycanın orta və uzunmüddətli iqtisadi dayanıqlığı baxımından həlledici olacaq".

Günay İlqarqızı