Xəbər lenti

Polşanın nüvə silahı arzusuna Rusiyanın cavabı nə olacaq? (ŞƏRH)
Dünya 12:14 26.08.2025

Polşanın nüvə silahı arzusuna Rusiyanın cavabı nə olacaq? (ŞƏRH)

"Polşanın nüvə silahına sahib olmaq istəyinin arxasında ölkənin təhlükəsizliyi dayansa da, onun bu istəyi real deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamişın ölkəsinin nüvə silahına sahib olmaq istəyini şərh edərkən deyib. 

"Dünyada nüvə paylaşması ilə bağlı "ciddi" münasibətlər var. Yəni bu paylaşımlar nüvə ölkələrinin müəyyənləşdirdiyi parametrlər əsasında həyata keçirilir. Sirr deyil ki, Hindistanın nüvə silahına sahib olmasının arxasında Böyük Britaniya dayanır", deyə ekspert bildirib. 



İbrahim Rüstəmli qeyd edib ki, nüvə silahına sahib ölkələrin sayının çoxalması öz növbəsində həm də ondan istifadə edilməsi risqinin artması deməkdir: 

"Polşa daim Rusiya və bəzi yaxın Avropa ölkələrinin təzyiq və təhdidi altında yaşayan ölkədir. Bu ölkə zaman-zaman hərbi və siyasi təcavüzlərdən əziyyət çəkib. Rusiya və Almaniya tərəfindən təzyiqlərə məruz qalıb. Bu mənada Polşanın nüvə silahına sahib olmaq istəyinin arxasında təbii ki, onun təhlükəsizliyi məsələsi dayanır".

Həmsöhbətimizin fikrincə, Varşavanın bu istəyinin gerçəkləşmə ehtimalı sfıra bərabərdir:

"İstənilən hallda Polşanın nüvə silahına sahib olacağını düşünmürəm. Onun bu istəyi real deyil. Heç NATO üzrə müttəfiqləri belə ona razılıq verməzlər. Bunu yəqin ki, Polşa rəsmiləri də başa düşürlər. Sadəcə, həmin fikri gündəmə gətirməklə ola bilsin öz təhlükəsizliyinin təmin edilməsi üçün ABŞ, yaxud Böyük Britaniya və ya Fransanın nüvə silahlarının Polşa ərazisində yerləşdirilməsi istəyini gündəmə gətirirlər". 

Qeyd edək ki, Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamiş xəbər portalına açıqlamasında ölkəsinin öz nüvə silahına sahib olacağına ümid etdiyini bəyan edib. Bununla yanaşı, o, etiraf edib ki, Polşanın öz nüvə silahına sahib olmasından daha real variant ABŞ-ın "Nuclear Sharing” proqramlarında iştirak etməkdir. Bu proqram çərçivəsində zərurət yaranacağı təqdirdə ABŞ bazalarındakı nüvə bombaları NATO üzvü olan və sözügedən proqramda iştirak edən ölkələrin Hərbi Hava Qüvvələrinə təhvil verilə bilər.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->