Xəbər lenti

Psixoloq:
Ölkə 15:12 06.02.2026

Psixoloq: "Yeniyetmənin aqressiyası ailədə formalaşır, məktəblər isə problemi gizlədir"

Bu gün "İdrak" özəl liseyində baş verən hadisə yenidən məktəblərdə müəllim-şagird münasibətlərini gündəmə gətirib. Xüsusilə son dövrlər yeniyetmələrlə bağlı neqativ hadisələrin sayında müşahidə olunan artım məktəblərdə psixoloji nəzarətin, erkən müdaxilə mexanizmlərinin və mütəxəssis dəstəyinin yetərli olub-olmaması ilə bağlı problemləri ön plana çıxarır.

Ortaya isə "Bu problemlərin kökündə dayanan əsas məsələ nədir? Yeniyetmə ilə gündəlik ünsiyyətdə əsas qayda nə olmalıdır? Günahkar məktəbdir, yoxsa valideyn?” kimi suallar çıxır.

Qaynarinfo-nun suallarını cavablandıran psixoloq Gülnar Orucova bildirir ki, müasir dövrün yeniyetmələri əvvəlki illərin uşaqlarından ciddi şəkildə fərqlənirlər:

"Bu fərq onların davranışlarında, böyüklərə və valideynlərinə münasibətində, məktəbə, dost çevrəsinə yanaşmasında, eləcə də xarici görünüşlərində aydın hiss olunur. Əvvəllər yeniyetməyə hər hansı tənbeh verildikdə, o, başını aşağı salıb böyüyə hörmətlə yanaşır, səhvini anlayırdı. Müəllim və ya valideyn də bunun səbəbini izah edirdi. Amma indiki yeniyetmələr çox vaxt öz səhvlərini qəbul etmir, məsuliyyəti başqalarının üzərinə atmağa çalışırlar".

Psixoloq məktəblərdə yaranan problemlərin əsas səbəblərindən birinin psixoloqların yalnız formal olaraq olması ilə izah edir: 

"Məktəblərdə psixoloqlara əksər hallarda davamiyyəti yoxlamaq, şagirdləri tədbirlərə aparmaq, qapıda nəzarətçi kimi dayanmaq kimi vəzifələr tapşırılır. Orta məktəblərdə psixoloqlara dərs saatları verilmir, dövlət hesabına mütəmadi təlimlər keçirilmir. Nəticədə psixoloqlar yeniyetmələrlə peşəkar şəkildə işləmə bacarığı qazanmırlar. Digər tərəfdən, məktəblərdə yeniyetmələrlə bağlı baş verən neqativ hallar çox vaxt gizlədilir".
 


Gülnar Orucova qeyd edir ki, hadisənin özəl liseydə baş verməsinə baxmayaraq, bu cür hallara dövlət məktəblərində də rast gəlinir:

"Bəzən problemli uşaqlar özəl liseylərdə də təhsil alır və onların davranışları ilə bağlı problemlər ört-basdır edilir. Eyni hal orta məktəblərdə də müşahidə olunur. Direktorlar və müavinlər çətin tərbiyə olunan uşaqlarla bağlı məlumatları açıqlamaqdan çəkinirlər. Halbuki bu kateqoriyadan olan uşaqlar üçün xüsusi təhsil müəssisələri mövcuddur”.

Psixoloq baş verən hadisədə əsas məsuliyyəti valideynlərin üzərinə qoyur:

"Yeniyetmənin müəlliminə qarşı göstərdiyi bu davranışı onun aqressiyasının son həddi kimi qiymətləndirmək olar. Aqressiya isə əsasən ailə və mühitdə formalaşır. Müəllim–şagird münasibətinin bu səviyyəyə çatması bir günün işi deyil. Valideynlər uşaqlarının davranışındakı dəyişiklikləri vaxtında analiz edib psixoloqa yönləndirməli idilər. Təəssüf ki, bizdə valideynlər övladlarını psixoloqa aparmaqdan çəkinir, aparanda da bunu gizlətməyə çalışırlar”.
 
Gülnar Orucova vurğulayır ki, valideyn yeniyetmə ilə işləyə bilmirsə, məsuliyyət artıq məktəbin üzərinə düşür:

"Məktəb uşağın davranışını nəzarətdə saxlamalı, onun cəmiyyət üçün təhlükə yaradıb-yaratmadığını müəyyən etməli və zərurət yarandıqda həmin şagirdi təhsil mühitindən uzaqlaşdırmalı idi”.

Müəllimlərin davranışlarına da toxunan psixoloq qeyd edir ki, bu sahədə də ciddi problemlər mövcuddur:

"Bəzi müəllimlər yersiz davranışları, şagirdlər arasında ayrı-seçkilik yaratmaları ilə cəmiyyətdə öz imiclərini zəiflədirlər. Düşünürəm ki, orta məktəblərdə və liseylərdə çalışan müəllimlərin dərsdən sonra əlavə hazırlıq kurslarında işləməsi qadağan edilməlidir. Məsələn, Türkiyədə orta məktəb müəllimlərinin kurslarda işləməsinə icazə verilmir və bu qaydanı pozanlar ciddi cərimələnir”.
 
Günay İlqarqızı

--> -->