Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) qurultay keçirəcək.
Bu barədə Qaynarinfo-ya ittifaqın icraçı katibi Əli İsa Cabbarov məlumat verib.
Onun sözlərinə görə, qurultayda ittifaqa yeni sədr seçiləcək: "Qurultay Rasim Balayevin 40 mərasimindən sonra keçiriləcək. Sədrin qurultay tərəfindən seçilməsi nizamnamənin tələbidir".
"AKİ-in İdarə Heyəti yenidən formalaşacaq?" sualına Əli İsa Cabbarovun cavabı belə olub:
"Xeyr, İdarə Heyətinin 2028-ci ilə qədər səlahiyyət müddəti var. Sadəcə Rasim müəllimin vəfatı ilə əlaqədar yeni sədr seçkisi olacaq".
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev uzun sürən xəstəlikdən sonra martın 29-da Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib. O, ötən gün I Fəxri Xiyabanda dəfn edilib.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsi ilə bağlı konfrans keçirilib. Yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub və Xalq artisti Rasim Balayev sədr seçilib.
Bahar Rüstəmli
Şərhlər