İnnovasiya və Təchizat Mərkəzi "Azdev Engineering Construction" MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo-nun məlumatına görə, şirkət qurumun Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında yerləşən 49 tibb müəssisəsinin rentgen və flüoqrafiya, həkim idarəetmə və köməkçi otaqlarında əsaslı təmir işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 2 498 930,12 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Azdev Enginerring Construction" MMC 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu AB yaşayış sahəsi, ev 125, mənzil 90-da yerləşir. MMC-nin qanuni təmsilçisi Orucov Rafət Güləli oğludur.
Açıq mənbələrdə "Azdev Engineering Construction" MMC və Rafət Orucov haqqında heç bir məlumat yoxdur.
Araşdırmalarımız zamanı məlum olub ki, şirkətin adı iki dəfə dəyişdirilib. Şirkət təsis edilərkən adı "Turqay" MMC olub. 2020-ci ilə qədər bu adla fəaliyyət göstərib. Daha sonra "Var Construction" MMC-yə çevrilib. 2026-cı ilin əvvəlindən isə şirkətin adı "Azdev Engineering Construction" MMC-yə dəyişdirilib.
Dövlət satınalmalarının vahid elektron portalı üzərindən apardığımız araşdırmadan məlum olur ki, "Var Construction" MMC satınalma müsabiqələrində fəal iştirak edib və iri məbləğli tenderlərin qalibi seçilib.
Seyid
Şərhlər