Siyasət 15:59 26.05.2022

Putin MDB məkanını təhdid edir - Politoloq

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Zaporojye və Xerson vilayətlərinin sakinlərinə Rusiya vətəndaşlığı verilməsi prosedurunu sadələşdirmək qərarına gəlib. Müvafiq sənədə edilən dəyişikliyə görə, qaydalar Ukraynanın şərqindəki qondarma "Donetsk Xalq Respublikası”, "Luqansk Xalq Respublikası”, eləcə də Zaporojye və Xerson vilayələrinin sakinlərinə aiddir. 

Rusiya ümumiyyətlə, MDB məkanında bu sayaq pis təcrübədən artıq çoxdandır ki, "faydalanır”. Yaxın keçmişdə Kreml Gürcüstana münasibətdə də eyni addımı atmışdı. Qarabağdakı separatçı rejimin qalıqları da "rus çətiri” altına keçmək barədə fikirlər səsləndirirlər. Bəzi araşdırmaçılar Kremlin bu siyasətini MDB üçün "pis təcrübə” adlandırırlar.

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Natiq Miri bu cür siyasətin MDB məkanında presedent yaratmayacağı qənaətindədir. Onun sözlərinə görə, Rusiya hər zaman separatçılığı dəstəkləyib:

"Kreml tərəfindən Zaporojye və Xerson sakinlərinə Rusiya pasportlarının verilməsində  yeni heç nə yoxdur. Rusiya özünün geosiyasi maraqları olan istənilən coğrafiyada hər zaman belə üsullardan istifadə edib. Biz Gürcüstanda da bunun şahidi olduq. Ukraynada da eyni metoddan istifadə edilir. Lakin Moskva heç bir real nəticə əldə edə bilməyib. Bu baxımdan, Kremlin adıçəkilən addımının MDB məkanında yeni presedent yaradacağını düşünmürəm”. 

Politoloq Rusiyanı ölçüsüz, idarəolunmaz, dağıdıcı ölkə kimi xarakterizə etdi:

"Əslində bütün dünya Rusiyanı məhz bu fitnə-fəsad siyasətinə görə dayandırmaq istəyir. Ukrayna savaşının qayəsində də elə bu amil durur. Düşünürəm ki, bu dəfə Rusiyaya layiq olduğu dərsi verəcəklər”.

Rüfət Sultan