İlk dəfə olaraq NATO qüvvələri Polşanın hava məkanına daxil olmuş Rusiya pilotsuz uçuş aparatlarını vurmaq üçün Rusiya ilə döyüşə girdi.
Qaynarinfo xəbər verir ki, "The Telegraph”ın yazdığına görə, bu hadisə Vladimir Putinin NATO-nun qərarlılığını, dözümlülüyünü və Ukraynada Qərblə müharibəni genişləndirməyə hazır olub-olmadığını yoxlamaq üçün hansı risklərə getməyə hazır olduğunu göstərdi.
Məlumata görə, Polşa hərbçiləri 9 sentyabr axşamı Rusiyanın Ukraynaya qarşı kütləvi PUA hücumu barədə məlumat alıblar. Bu, adi xəbər olsa da, Varşava yenə də ayıq-sayıqlığı artırdı. Yerüstü sistemlər işə salındı, kəşfiyyat təyyarələri havaya qalxdı, onlara isə Niderland və İtaliya da daxil olmaqla NATO müttəfiqləri dəstək verdi. Rayon ərazisinə iki holland F-35, iki polşa F-16 qırıcısı, həmçinin bir neçə helikopter göndərildi.
Saat 23:30-da (9 sentyabr) Polşa hava məkanının ilk dəfə Rusiya dronları tərəfindən pozulduğu qeydə alındı. Sonuncu "Şahed” isə 10 sentyabr səhəri saat 6:30-da sərhədi keçdi və 15 dəqiqə sonra NATO aviasiyası tərəfindən məhv edildi.
Polşanın baş naziri Donald Tusk qəzəbləndi. O bildirdi ki, dronların hücumu Qərbi və Rusiyanı "İkinci Dünya müharibəsindən bəri heç vaxt olmadığı qədər münaqişəyə yaxınlaşdırdı”. Tusk NATO müqaviləsinin nadir hallarda istifadə olunan 4-cü maddəsinə istinad edərək təcili müttəfiq görüşü çağırdı. Bu maddə ehtimal olunan təhlükə barədə müzakirəni nəzərdə tutur, halbuki məşhur 5-ci maddə isə bir üzvə hücumu hamıya hücum kimi qəbul edir.
Jurnalistlər yazır ki, Putin bu dron hücumları ilə yalnız Avropanın qərarlılığını deyil, həm də reaksiyasını sınadı.
"Maddə 5-i işə salmaq üçün bu kifayət edəcəkmi? Putin öyrəndi ki, cavab mənfidir. Bu isə ona alyansı tammiqyaslı müharibəyə təhrik etmədən nə qədər irəli gedə biləcəyini göstərdi. Amma eyni zamanda o başa düşdü ki, NATO onun hədələrinə cavab verməyə hazırdır”, – deyə The Telegraph qeyd edir.
Məqalədə bildirilir ki, bu biliklər Putin üçün faydalı olacaq, çünki o, Ukraynada "dondurulmuş müharibə” perspektivi və Avropa sülhməramlılarının yerləşdirilməsi ehtimalı ilə üz-üzədir.
Rusiya dronlarının vurulması zamanı çoxmillətli aviasiya qüvvələri arasında rabitə probleminin yaşanmaması isə "çox böyük uğur” kimi qiymətləndirilib.
Moskvanın NATO-ya qarşı birbaşa hücuma əl atdığı barədə siyasi ritorikaya baxmayaraq, alyansın müdafiə rəhbərləri gərginliyi artırmamağa qərar verdilər. Şimal Atlantika Şurası yekun olaraq Polşadakı insidentin hücum olmadığını açıqladı.
"Biz bunu olduğu kimi qəbul etməliyik… hücum kimi yox”, – alyansdakı bir mənbə "The Telegraph”a bildirib.
O əlavə edib ki, uğurlu hava hücumundan müdafiə əməliyyatından sonra sakitlik və fəaliyyətə davam etmə əhval-ruhiyyəsi hökm sürür:
"Hər şey lazım olduğu kimi getdi. Tez və qətiyyətlə cavab verdik”, – deyə mənbə bildirib.
Başqa bir mənbə isə əlavə edib: "Panikaya əsas yoxdur”.
Tusk həmçinin polyakları "genişmiqyaslı təxribat”a görə panikaya qapılmamağa çağırıb.
"The Telegraph” qeyd edir ki, ruslar yenə də öz köhnə üsullarına – dezinformasiya, vaxt udmaq və hər şeyi inkar etməyə – əl atıblar.
Məqalədə deyilir ki, dron hücumu Avropa liderləri üçün ABŞ prezidenti Donald Trampı inandırmaq imkanıdır ki, Putin Ukrayna üzrə sülh danışıqlarını heç vaxt ciddi qəbul etməyib.
Avropa liderləri ümid edirlər ki, Tramp nəhayət Putinin onu manipulyasiya etdiyini anlayacaq, ondan üz döndərəcək, sanksiyalar tətbiq edəcək və Kiyevi dəstəkləyəcək. Onların fikrincə, bu hücum Tramp üçün "son damla” olmalıdır.
Lakin Trampın ilk reaksiyası əksinə, daha çox sual doğurdu. O yazdı:
"Rusiya dronları Polşanın hava məkanını pozur? Budur, başladı!”.
Alpər
Şərhlər