"Qalatasaray" klubunda gələcəyi sual altında olan Viktor Osimhenin "sarı-qırmızılılar"a keçidi reallaşmaq üzrədir.
Qaynarinfo xəbər verir ki, "Qalatasaray" ilə İtaliyanın "Napoli" klubu arasında aparılan gərgin danışıqların son mərhələyə daxil olduğu bildirilir. Klub rəsmisi Mətin Öztürk transferlə bağlı mühüm açıqlamalar verib.
Keçən mövsüm "Qalatasaray"ın çempionluğunda pay sahibi olan Osimhen üçün danışıqlarda yekun razılaşmaya yaxınlaşılıb. "Sarı-qırmızılılar" nigeriyalı hücumçunun klubu "Napoli" ilə prinsipial razılıq əldə edib.
Tarixi transfer - 75 milyon avro
Osimhen "Qalatasaray" və Türkiyə futbol tarixində ən bahalı transfer olacaq. Klub əvvəlcə Neapol təmsilçisinə 50 milyon avro təklif etsə də, bu təklif rədd edilib. Daha sonra məbləğ 65 milyon avroya qaldırılıb, lakin "Napoli" oyunçu üçün təyin etdiyi 75 milyon avro qiymətindən geri çəkilməyib.
"Qalatasaray" rəhbərliyi nəhayət 75 milyon avroluq məbləği ödəməyə razı olub, lakin bu məbləğ hissə-hissə ödənəcək. Bu təklif İtaliya klubu tərəfindən qəbul edilib.
Osimhenin maaşı da məlum oldu
İtaliya mediasının yaydığı xəbərə görə, Osimhenə illik 16 milyon avro maaş və əlavə sponsorluq gəlirləri təklif olunub. Nigeriyalı forvard bu təklifi qəbul edib.
Mətin Öztürk: "48 saat içində nəticələnəcək"
Bütün bu proseslər fonunda "Qalatasaray"ın rəhbər şəxslərindən Mətin Öztürk mətbuata verdiyi açıqlamada transferin 48 saat ərzində tamamlanacağını bildirib:
"Osimhenin "Qalatasaray" üçün nə qədər önəmli olduğunu bilirsiz. Oyunçu keçməyə bizə yaxındır. İmza atılmadan heç nə dəqiq deyil, amma 48 saat içində bu iş nəticələnəcək".
Klub rəsmisi Çempionlar Liqasından da danışıb:
"Çempionlar Liqasında mərhələ-mərhələ irəliləyəcəyik. Əvvəlcə məqsəd 1/4 final, sonra yarımfinal, sonra isə mümkünsə finaldır! Super Liqada hakimlərin ədalətli oyun idarə etməsini gözləyirik. Bundan başqa əlavə bir gözləntimiz yoxdur".
Aydın
Şərhlər