Xəbər lenti

Qanundakı boşluqdan istifadə edib zəhər yaydılar: 21 milyon gəlir, 716 ölüm
Dünya 23:15 18.01.2026

Qanundakı boşluqdan istifadə edib zəhər yaydılar: 21 milyon gəlir, 716 ölüm

Portuqaliyada yaşayan üç niderlandıı ortağın sahibi olduğu "Ramdon” şirkəti "FastGas” markalı azot oksidin satışından 2023-cü ildə 21 milyon funt-sterlinq mənfəət əldə edib.
 
Qaynarinfo xəbər verir ki, qazın "hippy crack” adı ilə əyləncə məqsədli sui-istifadəsi Böyük Britaniyada ciddi insan itkilərinə yol açıb. Qanuni satışlara baxmayaraq, onlayn çıxışdakı boşluqlar və nəzarətin zəifliyi ailələr tərəfindən sərt tənqid edilir.

Portuqaliyanın Alqarve bölgəsində lüks villalarda yaşayan üç universitet yoldaşı Böyük Britaniyaya qanuni yollarla ixrac edilən azot oksid ticarətindən milyonlarla funt-sterlinq gəlir əldə edir. Lakin "hippy crack” kimi tanınan və əyləncə məqsədilə istifadə olunan bu qazın yüzlərlə gəncin ölümünə səbəb olması geniş müzakirələrə yol açıb.

21 milyon funt-sterlinqlik mənfəət

Keçmiş gecə klubu təşkilatçıları Luçiano de Vris, Cessi van der Heyde və Nik Hauenin sahibi olduğu "Ramdon” şirkəti iki litrlik "FastGas” markalı balonlarla azot oksidi Böyük Britaniyada iaşə təchizatçılarına satır. Bildirilir ki, şirkət 2023-cü ildə 93 milyon funt-sterlinq dövriyyə, 21 milyon funt-sterlinq isə xalis mənfəət əldə edib. Qazın tibb və qida sənayesində qanuni istifadə sahələri mövcuddur.

"Daily Mail” nəşrinin məlumatına görə, Böyük Britaniyada azot oksis 2023-cü ildə qadağan edilib. "FastGas” birbaşa istehlakçıya satış etmədiyini və yalnız topdansatış həyata keçirdiyini açıqlasa da, bəzi internet saytlarında sadəcə "iaşə məqsədi ilə” bölməsini işarələməklə qazın asanlıqla əldə edildiyi müəyyən edilib. Hətta bir satıcının yetkinlik yaşına çatmayan alıcı üçün çatdırılmanı qəbul etdiyi iddia olunur.

Qanunda boşluqlar

2023-cü ildə qızını azot oksid səbəbilə itirən Şeron Kuk onlayn satışlardakı boşluqların aradan qaldırılmasına çağırıb. Mütəxəssislər xəbərdarlıq edirlər ki, qazın nəfəs yolu ilə qəbulu ciddi sinir zədələnməsinə, oksigen çatışmazlığına və ölümə səbəb ola bilər. İngiltərə və Uelsdə 2001–2020-ci illər arasında azot oksidlə əlaqəli 716 ölüm faktı qeydə alınıb.

Səhiyyə qurumları xəstəxanaya yerləşdirmələrin artdığını bildirir, "hippy crack”in təhlükəli nəqliyyat hadisələri ilə də əlaqələndirildiyi vurğulanır. Notting Hill karnavalından sonra çəkilən fotolarda üzərində "FastGas” etiketi olan çoxsaylı boş balonların görüldüyü qeyd edilir, lakin bunların hamısının orijinal məhsul olub-olmadığı məlum deyil.

"Ramdon” şirkətinin nümayəndəsi məhsulların yalnız təsdiqlənmiş kommersiya müştərilərinə satıldığını, bütün qanunlara əməl edildiyini və sui-istifadəni qəti şəkildə pislədiklərini bildirib. Şirkət saxta məhsullarla mübarizə məqsədilə brend təhlükəsizliyinə investisiya etdiyini və zəruri hallarda hüquqi addımlar atacağını açıqlayıb.

Aydın
--> -->