Son vaxtlar Qarabağ və Şərqi Zəngəzurda açılan iş yerləri ilə bağlı sosial şəbəkələrdə elanlar verilir. Elanlardan görünür ki, Qarabağda və Şərqi Zəngəzurda açılan iş yerlərinin sayı durmadan artır. Ehtiyacı olan hər kəs şirkətlərə müraciət edir və orada işlə təmin olunur. Amma orada işləyənlər məvacibin azlığından şikayətlənir. Xüsusilə fəhlələr cəmi 600 manat məvacib aldıqlarını deyirlər.
Sabiq deputat Əli Əlirzayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, əmək haqqı müqavilə əsasında verilir:
"Əmək haqqı minumum əmək haqqından aşağı olmamalıdır. Ola bilsin ki, oradakı işlər üçün təhsil tələb olunmur, amma məvacib görülən işin miqdarından da aslıdır. Qarabağda iş yerləri çoxdur. Amma bu o demək deyil ki, Qarabağda işlər ağırdır. Yol çəkmək, bina tikmək və s. müxtəlif xarakterli işlərdir".
İqtisadçı Qarabağda tikilən evlərin satılmadığını xatırladıb:
"Evlər pulsuz verilir. İndiki dövr üçün gəlir gətirməyən sahədir. Həm də rəqabət mühitindən aslıdır. Müraciət edənlər çox olarsa, tələb çoxdursa, təbii ki, qiymət aşağı düşəcək. Əmək bazarıdır, iş istəyənlər çoxdur. Bu gün isə kifayət qədər iş yerləri yoxdur. Bu səbəbdən çoxları iş üçün Qarabağa gedir".
Əli Əlirzayev hesab edir ki, Bakıda fəhlənin daha çox maaş alması tikilən evlərin satılması ilə əlaqədardır:
"Qarabağdakı evlər isə satılmır. Burada ancaq bazar iqtisadiyyatı qanunlarına uyğun hərəkət etmək lazımdır. Əgər işlə bağlı müraciət edən azdırsa, mütləq orada fəhlənin əmək haqqı qalxacaq. Görünən odur ki, müraciət edənlərin sayı çoxdur".
Bahar Rüstəmli
Şərhlər