Siyasət 10:32 23.05.2023

Qarabağla bağlı bəyanatından sonra köhnə quldurların Paşinyana hücumu başladı

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan əmindir ki, müəyyən siyasi qüvvələrin fikir ayrılıqlarından və ambisiyalarından asılı olmayaraq, Dağlıq Qarabağ məsələsində konkret hərəkətlərə və həmrəyliyə ehtiyac var. 

Qaynarinfo Sputnik-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan dövlətinin keçmiş başçısının bəyanatında deyilir.

"Mən davamlı olaraq, o cümlədən son beş ildə, müxtəlif hallarda "Artsax”ın Azərbaycanın bir hissəsi olmayacağını bəyan etmişəm. Mən və başçılıq etdiyim siyasi qüvvə - Respublika Partiyası bütün bəyanatlarımızda, çıxışlarımızda və mesajlarımızda "Artsax” məsələsinə prinsipial yanaşmalarımızı daim vurğulamış və səsləndirmiş, bizim üçün həyati əhəmiyyət kəsb edən bu məsələ ilə bağlı mövqelərimizi Ermənistan hakimiyyətinin destruktiv addımları kimi bənd-bənd ortaya qoymuşuq”, - bəyanatda deyilir.

Serj Sarkisyanın sözlərinə görə, partiyasının bu məsələyə yanaşmaları dəyişməyib.

"Biz narahatlığımıza və xəbərdarlıqlarımıza məhəl qoymadan nə qədər böhtan atsalar da, gözdən salınsalar da, təqib olunsaq da, öz sözümüzü dedik, döyüşdük və mübarizəmizi davam etdiririk”, - Sarkisyan bildirib.

Ermənistanın üçüncü prezidenti də Dağlıq Qarabağ problemini, eləcə də Ermənistan dövlətinin qurulması vəzifəsini həyatının missiyası hesab etdiyini bəyan edib.
"Bu gün hər hansı fikir ayrılıqlarından və ambisiyalarından asılı olmayaraq sözlər, addımlar, hərəkətlər və birlik həmişəkindən daha vacibdir ki, bu da xalqımızın başının üstündə asılmış fəlakətlə müqayisədə heç nədir. Mən "Artsax” problemini belə hesab edirəm və indi də o fikirdəyəm. Eləcə də Ermənistanın dövlət quruculuğu vəzifəsi mənim həyat missiyamdır”, - Serj Sarkisyan deyib.

 "Dağlıq Qarabağın keçmiş liderləri” – terrorçu Arkadi Qukasyan və Bako Saakyan da birgə bəyanatla çıxış ediblər. Onlar qeyd edirlər ki, Ermənistanın baş nazirinin səsləndirdiyi niyyət Ermənistan dövlətçiliyinin əsaslarını sarsıdır və onun bütün dünya ermənilərinin maraqlarını qorumaq üzrə öhdəliklərinin pozulmasıdır. Qukasyan və Saakyan qeyd edirlər ki, "Dağlıq Qarabağ” Ermənistan baş nazirinin təqdim etdiyi yanaşmaları qəbul etməyib və etməyəcək. "Dağlıq Qarabağ” mövcud olmaq hüququ uğrunda mübarizə aparıb və bundan sonra da mübarizə aparacaq. Keçmiş separatçı liderlər əmindirlər ki, dünya erməniləri keçmişdə olduğu kimi indi də "Dağlıq Qarabağ”ın yanında olacaqlar.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də İrəvanda keçirdiyi mətbuat konfransında bəyan edib ki, Azərbaycanın 86 min 600 kvadrat kilometr ərazisinə həm Dağlıq Qarabağ, həm də Sovet Azərbaycanının anklavları daxildir. O bildirib ki, anklavlarla bağlı bir neçə variant var - ya sülh sazişi imzalanandan sonra ərazilərin mübadiləsi aparılacaq, ya da heç nə dəyişməyəcək.

Alpər