Siyasət 17:41 28.02.2023

"Qərb Paşinyanı tələsdirir" (ŞƏRH)

"Ermənistan hakimiyyəti bütün addımları ilə Qərbin İrəvan qarşısında qoyduğu tapşırıqları həyata keçirməyə çalışır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu Ermənistan xarici işlər naziri rəhbəri Ararat Mirzoyanın Laçın yolu və Qarabağda BMT-nin faktaraşdırıcı missiyasının yaradılması təklifini şərh edərkən deyib. Politoloqun fikrincə, Qərb Paşinyanı tələsdirir ki, Azərbaycanla Ermənistan arasında münasibət məsələsində Moskvanın təsir imkanlarını minimuma endirsin:

"Avropa Birliyini təmsil edən mülki missiyanın Azərbaycanla sərhədə gəlməsi, ardınca İrəvanın BMT-ni prosesə cəlb etmək istəyi əslində Paşinyan hakimiyyətinin siyasətini yönləndirən bəlli dairələrin sifarişlərindən irəli gəlir. Hazırda Gümrüdəki rus hərbi bazasının gücləndirilməsi istiqamətində Moskvanın həyata keçirdiyi tədbirlər Qərbi narahat etməyə başlayıb. Rusiyanın bu addımı Qərbə və İrəvana mesaj kimi qəbul olunmalıdır ki, Moskvanın Ukraynada NATO ilə hərbi qarşıdurmaya cəlb olunmasına baxmayaraq, şimal ölkəsi heç bir vəclə Cənubi Qafqazla bağlı geopolitik maraqlarından geri çəkilməyəcək. İstisna deyil ki, Qərb Paşinyanı tələsdirir. Nəyin bahasına olursa-olsun Azərbaycanla Ermənistan arasında münasibət məsələsində Moskvanın təsir imkanlarını minimuma endirməyə çalışırlar”. 

Ekspertin fikrincə, Azərbaycan iqtidarı Ermənistanla münasibətlərdəki problemlərin həllini Rusiyanı vasitəçi mövqeyindən uzaqlaşdırmaqda deyil, əksinə çoxvektorlu xarici siyasət kursunun həyata keçirilməsində görür:

"Bu məsələdə Bakının mövqeyi bəllidir. İlham Əliyev Lavrovla görüşdə bildirdi ki, Ermənistanla mövcud problemlərin həlli istiqamətində bu il irəliləyiş olacağını güman edir və bu mənada dost, müttəfiq Rusiyanın dəstəyinə arxalanırıq. Bakı İrəvandan fərqli olaraq bu məsələdə Moskvanı kənarlaşdırmaq mövqeyindən çıxış etmir. Bu da perspektivdə Azərbaycanın xeyrinə işləyəcək amildir. Çünki İrəvan-Moskva münasibətlərində çatın dərinləşməsi sonda ölkəmizin xeyrinə işləyəcək”. 

Qeyd edək ki, erməni mətbuatının məlumatına görə, Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Cenevrədə Laçın yolunda və Qarabağda BMT-nin faktaraşdırıcı missiyasının yaradılmasını təklif edib. Bildirilir ki, Mirzoyan bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə görüşü zamanı danışıb”. 

Rüfət Sultan