Sosial şəbəkələrdə uşaqların tərbiyəsi ilə bağlı valideynlərə müxtəlif tövsiyələr verən videolara tez-tez rast gəlinir. Bəzi paylaşımlarda uşağın tərbiyəsi ilə daha çox ananın, digərlərində isə atanın məşğul olmasının vacibliyi vurğulanır. Xüsusilə “intizamı ata təmin etməlidir”, “qız uşağına ilk sevgini ata verməlidir” kimi fikirlər valideynlər arasında da müzakirələrə və fikir ayrılıqlarına səbəb olur.
Bəs psixoloji baxımdan uşağın tərbiyəsində ata və ananın rolu necə bölüşdürülməlidir? İntizam məsələsində atanın daha sərt olması doğrudurmu? Qız uşağının gələcək münasibətlərində atanın rolu nə qədər əhəmiyyətlidir?
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Qaynarinfo-ya açıqlamasında bildirib ki, uşağın tərbiyəsini yalnız valideynlərdən birinin üzərinə qoymaq düzgün yanaşma deyil:
“Uşağın tərbiyəsini yalnız ananın və ya yalnız atanın üzərinə qoymaq düzgün yanaşma deyil. Tərbiyə hər iki valideynin ortaq məsuliyyətidir. Uşağın ehtiyacı birinin sevgi göstərməsi, digərinin isə onu cəzalandırması deyil; hər ikisindən sevgi, diqqət, təhlükəsizlik və aydın sərhədlər görməsidir. “Atanın işi intizam yaratmaq, ananın işi qayğı göstərməkdir” düşüncəsi valideynlərin rolunu daraldır. Ata uşağın həyatında yalnız qayda pozulanda görünən, qorxulan şəxsə çevrilməməlidir. Onun uşağı dinləməsi, birlikdə vaxt keçirməsi, gündəlik qayğıda, təhsilində və çətinliklərinin həllində iştirak etməsi də vacibdir. Eyni zamanda ana da qayda qoymaq və həmin qaydaların ardıcıl tətbiqində iştirak etmək məsuliyyətini daşıyır. Atalıq yalnız ailəni maddi təmin etməkdən, analıq isə uşağın bütün yükünü təkbaşına daşımaqdan ibarət deyil”.
Psixoloqun sözlərinə görə, intizam anlayışı qorxutmaq, qışqırmaq və fiziki cəza ilə eyniləşdirilməməlidir. Sağlam intizam uşağın davranışının nəticələrini anlamasına və məsuliyyət götürməsinə kömək etməlidir:
“İntizam dedikdə qorxutmaq, qışqırmaq və ya fiziki cəza nəzərdə tutulmamalıdır. Sağlam intizam uşağa davranışının nəticələrini anlamağı, məsuliyyət götürməyi və özünü idarə etməyi öyrədir. Məsələn, ekran vaxtı ilə bağlı qayda qoyulursa, bu qayda əvvəlcədən izah edilməli, yaşına uyğun olmalı və hər iki valideyn tərəfindən ardıcıl tətbiq edilməlidir. Uşağın “yox” cavabından narazı qalması təbiidir. Valideyn onun hissini qəbul edə, eyni zamanda müəyyən etdiyi sərhədi qoruya bilər”.
E.Rüstəmov “qız uşağına ilk sevgini ata verməlidir” fikrinin emosional baxımdan müəyyən məna daşıdığını, lakin bunun elmi qanun kimi təqdim edilməsinin düzgün olmadığını qeyd edib:
““Qız uşağına ilk sevgini ata verməlidir” ifadəsinin emosional mənası başadüşüləndir: atanın qızına sevgi və hörmət göstərməsi dəyərlidir. Lakin bunu elmi qanun və ya gələcək münasibətləri müəyyən edən yeganə amil kimi təqdim etmək doğru olmaz. Qızın da, oğlanın da hər iki valideynin sevgisinə ehtiyacı var. Oğlan uşağına qarşı emosional məsafəni “kişi kimi böyüsün” düşüncəsi ilə əsaslandırmaq da düzgün deyil. Uşaqlar ailədə həm özlərinə göstərilən münasibətdən, həm də valideynlərin bir-biri ilə necə danışmasından öyrənirlər”.

Psixoloq hesab edir ki, ailədə valideynlər arasında vəzifə bölgüsü ailənin imkanlarına, iş rejiminə və uşağın yaşına uyğun müəyyənləşdirilə bilər. Lakin bu, valideynlərdən birinin uşağın tərbiyəsindən tamamilə kənarda qalması anlamına gəlməməlidir:
“Valideynlər arasında vəzifə bölgüsü ailənin imkanlarına, iş rejiminə və uşağın yaşına uyğun qurula bilər. Hər işi eyni həcmdə görmək mümkün olmaya bilər, amma hər iki tərəf məsuliyyətin içində olmalıdır. Biri dərslərlə daha çox maraqlana, digəri gündəlik fəaliyyətlərdə daha fəal iştirak edə bilər. Əsas odur ki, uşağın emosional ehtiyacları və tərbiyəsi bir valideynin üzərində qalmasın. Fikir ayrılığı olduqda isə valideynlər bunu uşağı tərəf seçməyə məcbur etmədən müzakirə etməlidirlər. Uşağın yanında bir-birini alçaltmaq, “anan heç nə bilmir” və ya “atan həmişə belədir” demək tərbiyəyə kömək etmir. Səhv qərar verilibsə, onu düzəltmək və lazım gəldikdə uşaqdan üzr istəmək də valideyn nüfuzunu zəiflətmir; məsuliyyətli davranış nümunəsi yaradır”.
Elnur Rüstəmov sosial şəbəkələrdə yayılan qəti fikirlərin hər zaman elmi tövsiyə kimi qəbul edilməməli olduğunu vurğulayıb:
“Sosial şəbəkədə səslənən hər qəti fikir elmi tövsiyə deyil. Valideynlər qısa videolardakı hökmləri ailələrinə tətbiq etməzdən əvvəl mənbəyə, uşağın yaşına və konkret vəziyyətinə diqqət yetirməlidirlər. Əsas sual “tərbiyə ilə kim daha çox məşğul olmalıdır?” deyil, “uşağın sağlam inkişafı üçün birlikdə necə davranmalıyıq?” olmalıdır”.
Günay İlqarqızı
Şərhlər