Xəbər lenti

Qərb Ukraynada “yorucu müharibə” strategiyasını seçir - Ekspert
Dünya 16:51 08.06.2022

Qərb Ukraynada “yorucu müharibə” strategiyasını seçir - Ekspert

Ukrayna savaşının uzanması artıq bütün dünyanı yorub. Rusiya və Ukrayna qüvvələrinin bir-birini sistemli məhv etməyə çalışması müharibənin aylar, hətta illərlə davam etməsinə gətirib çıxara bilər. Qərb isə öz növbəsində Ukraynaya silah yardımı etməkdə qərarlı olduğunu göstərir. Döyüş sahəsində ön cəbhələr artıq formalaşıb və müharibə tədricən "sonsuz savaş” müstəvisinə keçir. Lakin müharibənin uzanması fonunda anti-Rusiya koalisiyasınında da parçalanma tendensiyası hiss edilir.
 
Qeyd edək ki, Ukrayna xalqının rus işğalına qarşı ciddi mübarizə aparması həmin ana qədər ciddi fikir ayrılığında olan Qərb koalisiyasının daha sıx birləşməsilə nəticələnib. Rusiyaya münasibətdə yumşaq mövqe sərgiləyən Fransa, Almaniya, İtaliya kimi ölkələr Moskvaya qarşı sanksiyalara qoşulmaqla yanaşı, Ukraynaya hərtərəfli silah-sursat da verir. Hətta Almaniya kimi ölkə özünün hərbi büdcəsini artırmaq qərarına da gəlib. Sanksiyaların davamı məsələsində Qərbdə müəyyən fikir ayrılığı olsa da, ümumən həmin koalisiyada Rusiya işğalının dayandırılması məsələsi önəmli yer tutmaqda davam edir.

Lakin müharibənin uzanması fonunda anti-Rusiya koalisiyasının sona qədər indiki mövqeyi sərgiləməkdə davam edəcəyi şübhəlidir. Belə ki, müharibənin uzanması sanksiyalara qoşulan ölkələrin iqtisadiyyatına da ziyan vurur. Bir sıra ölkələr bu müstəvidə daha böyük ziyana tuş gəlirlər. Digər tərəfdən, sonu görünməyən hərbi əməliyyatlar dünyada ərzaq böhranı, qiymətlərin bahalaşması və inflyasiyanın artması kimi təhlükələrə də gətirib çıxara bilər. Bu da öz növbəsində müxtəlif ölkələrdə cəmiyyətin narazılığının artması, müharibəyə qarşı çıxan qüvvələrin güclənməsinə və hətta Rusiyameylli qüvvələrin hakimiyyətə gəlməsinə rəvac verə bilər. Nəticədə, hazırda Rusiyaya qarşı sanksiyalara qoşulan bəzi ölkələrin növbəti mərhələdə həmin proses əleyhinə çıxacaqları da istisna deyil. Artıq Fransa prezidenti Emmanuel Makron Rusiyanı alçatmağın doğru olmadığı mesajını verib. Macarıstan isə bu məsələdə özünü sanki Putinin dostu kimi aparır. 

Məsələ barədə Qaynarinfo-ya açıqlama verən politoloq Tural İsmayılov müharibənin uzanmasının anti-Rusiya koalisiyasından daha çox Moskvaya mənfi təsir göstərəcəyi qənaətindədir: "Ukrayna müharibəsinin tez zamanda bitəcəyini düşünmürəm. Rusiya-Ukrayna müharibəsi 2022-ci ilin sonuna qədər davam edə bilər. Post-müharibə dövrü isə daha çox davam edəcək. Bununla belə düşünmürəm ki, Ukrayna müharibəsinin uzanması koalisiyasının zəifləməsinə səbəb olacaq. Çünki müharibənin uzanmasında Qərbin bəzi dairələri də kifayət qədər maraqlıdırlar. Müharibənin bitməsini istəməyən qüvvələr içərisində anqlosakson dairələr xüsusən maraqlıdır. Fransa, Almaniya, İtaliya kimi ölkələr müəyyən yumşalmaların vacibliyi barədə mesajlar versələr də, anqlosanson dairələr buna maneə olur. ABŞ-ın "lend-liz qanunu”nu qəbul etməsi, Böyük Britaniya baş naziri Boris Consonun Avropa İttifaqını Moskvaya münasibətdə daha sərt mövqe tutmamaqda ittiham etməsi onu göstərir ki, anti-Rusiya koalisiyası müharibənin davam etməsində maraqlıdır. Düşünürəm ki, müharibənin uzanması anti-Rusiya koalisiyasını o qədər də zəiflətməyəcək. Əksinə, həmin koalisiyanı Rusiyanın hərbi-iqtisadi baxımdan itkiləri, tələfatı daha çox maraqlandırır.Savaşın uzanmasından ın böyük zərəri Moskva görəcək”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->