Süni intellekt gözlənilənin əksinə olaraq mühəndislik sektorunda kütləvi işsizliyə səbəb olmayıb. Əksinə, böyük texnologiya şirkətlərində mühəndis heyəti sürətlə genişlənir. Bu vəziyyət süni intellektin mühəndislik sahəsini ciddi şəkildə təhdid etdiyi barədə iddiaları zəiflədir.
Qaynarinfo xəbər verir ki, texnologiya dünyasında süni intellektin kütləvi işsizliyə gətirib-gətirməyəcəyi ilə bağlı müzakirələr davam edərkən, son məlumatlar diqqətçəkən mənzərə ortaya qoyub. "TechCrunch”ın məlumatına görə, xüsusilə proqram mühəndisliyinin avtomatlaşdırma qarşısında ən həssas sahələrdən biri olduğu barədə nəzəri proqnozların əksinə olaraq, mühəndislik peşəsi süni intellekt dalğasına ən davamlı fəaliyyət sahələrindən biri kimi qiymətləndirilir.
Şirkətlərin arqumentləri ilə statistika arasında fərq var
"Challenger, Gray & Christmas” şirkətinin məlumatlarına əsasən, texnologiya sektorunda işdən çıxarmalar may ayında son illərin ən yüksək səviyyəsinə çatıb və rəhbərlik tərəfindən ən çox göstərilən səbəb süni intellekt olub. Bir çox şirkət bildirir ki, süni intellekt sayəsində artıq bir mühəndis əvvəllər bir neçə nəfərin gördüyü işi yerinə yetirə bilir.
Lakin vençur kapital şirkəti olan "SignalFire”ın milyonlarla əməkdaşı əhatə edən geniş araşdırması real vəziyyətin fərqli olduğunu göstərib.
Böyük texnologiya şirkətlərində işə qəbul artır
"SignalFire” tərəfindən dərc olunan "İstedad bazarının vəziyyəti hesabatı” işdən çıxarma elanlarından deyil, daha obyektiv göstərici hesab olunan işə qəbul statistikasından istifadə edib.
Hesabata görə, böyük texnologiya şirkətlərində ümumi işə qəbul 2019-cu illə müqayisədə 25 faiz azalsa da, mühəndislik vəzifələrində azalma cəmi 11 faiz təşkil edib.
Daha diqqətçəkən məqam isə odur ki, "Alphabet”, "Meta”, "Apple”, "Amazon” və "Nvidia” daxil olmaqla "Böyük Texnologiya” kateqoriyasına aid 12 nəhəng şirkətdə 2025-ci ildə həyata keçirilən yeni işə qəbulların 55 faizini mühəndislər təşkil edib. Bu göstərici 2019-cu ildə 46 faiz səviyyəsində idi.
Erkən mərhələdə olan startaplarda isə mühəndis işə qəbulu 2019-cu illə müqayisədə 7 faiz artıb.
"SignalFire”ın tədqiqat rəhbəri Aşer Bantok bildirib:
"Əgər süni intellekt həqiqətən mühəndisləri əvəz etsəydi, hazırkı sektor daralması şəraitində ilk azalan məhz mühəndis işə qəbulu olardı. Halbuki mühəndis heyəti bir çox digər sahələrlə müqayisədə daha sürətlə böyüyür”.
Hətta süni intellekt şirkətləri də gözlənilən təsiri görməyib
Sektorun aparıcı şirkətlərinin açıqlamaları da bu nəticələri təsdiqləyir. Ötən il süni intellektin ağ yaxalı peşələrin yarısını aradan qaldıracağını iddia edən "Anthropic” şirkətinin rəhbərinin bəyanatlarından fərqli olaraq, şirkətin iqtisadiyyat üzrə rəhbəri Piter Makkrori hazırda əmək bazarında süni intellektdən qaynaqlanan radikal işsizlik dalğasının müşahidə edilmədiyini bildirib.
Onun sözlərinə görə, işində intensiv şəkildə süni intellektdən istifadə edən proqramçılarla fiziki əməyə əsaslanan peşələrdə çalışanlar arasında işsizlik səviyyəsi baxımından nəzərəçarpacaq fərq yoxdur.
Censen Huan: "Mühəndislər əvvəlkindən daha məşğuldur”
"Nvidia”nın baş icraçı direktoru Censen Huan isə süni intellektin mühəndisliyi aradan qaldıracağı fikrini qəti şəkildə rədd edənlərdəndir.
O bildirib ki, artıq şirkətdəki bütün mühəndislər avtonom süni intellekt agentlərindən istifadə edir:
"Proqram mühəndisləri heç vaxt olmadığı qədər məşğuldurlar. Süni intellekt kodu dərhal yaza bilər, lakin bu, mühəndisləri davamlı olaraq növbəti böyük ideyanı yaratmağa sövq edir”.
Mütəxəssislər hesab edirlər ki, süni intellekt dəstəyi ilə mühəndisliyin inkişafı hazırda iqtisadiyyatda "Jevons paradoksu”nun ən aydın nümunələrindən biridir. Bu nəzəriyyəyə görə, hər hansı resursdan istifadənin səmərəliliyi artdıqda ona olan tələbat azalmaq əvəzinə daha da yüksəlir. Çünki artan məhsuldarlıq yeni imkanlar yaradır və iş həcmi genişlənir.
Aşer Bantokun sözləri ilə desək, süni intellekt mühəndisləri daha məhsuldar edib və onların qarşısında indi həyata keçirilməsi gözlənilən sonsuz sayda yeni layihələr dayanır.
Aydın
Şərhlər