Ekonomiks 12:04 28.04.2023

“Qiymətlər çox bahadır, qonaqlar əlavə pul xərcləmək istəmir”- Ekspert

"Rayonlarda xidmətin qiyməti çox yüksək və üstəlik keyfiyyəti də aşağıdır. Bu üzdən də rayonlara gedən yoxdur”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov Azərbaycana gələn turistlərin regionlarla müqayisədə Bakıya üstünlük verməsi ilə bağlı Dövlət Statistika Komitəsinin məlumatına aydınlıq gətirərkən deyib.

Ekspert bildirib ki, rayonlar turistlər üçün əlverişli deyil:

"Biz bu barədə dəfələrlə deyirik, amma heç bir faydası olmayıb. Bu sahədə rəqabət mühiti yoxdur. Turistlər regionlara gedib neynəsinlər? Rayonlarda qalmaq üçün otellərin, digər tərəfdən yeyinti məhsulların da qiyməti yüksəkdir. Bakıda beynəlxalq tədbirlər keçirilir, orada iştirak edənləri də nəzərə almaq lazımdır. Məsələn, "Formula-1”, ona baxmaq üçün ölkəyə çoxlu turist gəlir. Bundan əlavə əvvəllər Naftlana gələnlərin sayı indikindən dəfələrlə çox idi. İndi niyə gəlməsinlər ki? Naftalanda niyə normal şərait yaradılmasın? Gəlsinlər, həm də pul xərcləsinlər. Turistlər yaxşı dincələ biləəckləri yerə gedirlər. Biz vaxtı ilə təklif edirik ki, turistlərin rayonlara getməsi üçün kəndlərdə yaxşı şəraitlər yaradılmalıdır. Yaxın yerlərdə yaxşı mənzərələr olmalıdır ki, oralar turistləri cəlb etsin”. 

Vahid Məhərrəmov deyib ki, Azərbaycanda bu sahədə işlər görülmür:

"Məsələn, Mingəçevir Su Anbarının yanında tutistlər üçün yaxşı şərait yaratmaq olar. Amma çay suyu keyfiyyətli deyil, çimmək belə risklidir. Orada işlər görülməlidir. Turistlərin regionlara getməsi üçün şərait yaradılmalıdır. Dağlar ot örtüyü, kolluqlardan məhrum olub. Turust kəndə gedib nəyə baxsın? Hər yer qapqaradır. Kəndlilərin özü həmin mənzərələri görmək bezib”. 

Ekspert hesab edir ki, Azərbaycan turizm üçün cəlbedici deyil. 

Qeyd edək ki, Dövlət Statistika Komitəsi xaricilərin Azərbaycan hotellərində gecələmələrinin sayıni açıqlayıb. Məlumatda bildirilir ki, onların sayı 79.7 faiz artaraq 309 minə çatıb. Bunun isə 80 faizi Bakının payına düşür. 

Bahar Rüstəmli