Avropa diplomatiyasının rəhbəri Cosep Borrel Nyu Yorkda BMT Baş Assambleyasına səfərindən sonra bildirib ki, "dünyanı idarə edən qaydalar özünü tükəndirir”. Qlobal cənubdakı inkişaf etməkdə olan ölkələr "Qərbə alternativ" axtarırlar.
Qaynarinfo xəbər verir ki, o, bu barədə öz bloqunda
yazır.
"Biz həqiqətən getdikcə daha çox çoxqütblü dünyada yaşayırıq... Oyunda oyunçuların sayı artdıqca təbii reaksiya oyun qaydalarını sərtləşdirmək olmalıdır. Amma biz əks tendensiya ilə üzləşirik: dünyanı idarə edən qaydalar özünü tükəndirir”, - Borrel bildirir.
O, hesab edir ki, "yeni çoxqütblülük” üç dinamikanın - sərvətin dünyada daha geniş bölüşdürülməsi, ölkələrin strateji və ideoloji cəhətdən özlərini təsdiq etməyə hazır olması və "qlobal qaydalara deyil, ikitərəfli sazişlərə əsaslanan daha da tranzaksiyalı beynəlxalq sistemin” yaranması vəhdədinin nəticəsidir.
"Yeni çoxqütblü dünya həm də suverenlik və kimliyə artan tələbatla xarakterizə olunur. Xüsusən də Qlobal cənub deyilən regionda... Latın Amerikasında, Afrikada, Yaxın Şərqdə və Şimali Afrikada və təbii ki, Asiyada indi demək olar ki, hamı Qərbə təkcə iqtisadi deyil, həm texnoloji, hərbi və ideoloji baxımdan etibarlı alternativlərin olduğunu düşünür” - Cosep Borrel bildirib.
Avropa diplomatiyasının rəhbəri Qlobal cənubu Ukraynadakı hərbi münaqişəni yetərincə pisləmədiyinə görə qınayıb. Onun fikrincə, Avropa İttifaqından kənar bir çox ölkələr üçün "Ukraynadakı müharibə böyük ölkə ilə onun kiçik qonşusu arasında sadə sərhəd mübahisəsi kimi görünür”. "Qlobal cənub ölkələrinin əksəriyyəti Rusiyanın təcavüzkar olması fikrini bölüşür və BMT-də onun təcavüzünü pisləməsinə dair səs verib. Lakin onların bir çoxu bu həddi aşmağa hazır deyil. Onlar Ukraynanın dünya gündəminə hakim olmasını istəmirlər”, - o vurğulayıb.
Borrel Rusiya və Çinin də mövqeyini pisləyib. "Biz avropalılar Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuş prinsiplər əsasında reaksiya verməyə davam edirik. Amma Çin və Rusiya bu hüquqların universal mahiyyətini mübahisələndirir və Qlobal cənub ölkələrin bir çoxu bu yanaşmanı qəbul edir”, - diplomat qeyd edib.
O, əmindir ki, yeni çoxqütblülük demək olar ki, bütün məsələlərdə beynəlxalq konsensusun olmamasına gətirib çıxarır. "Bu, dünya nizamının təhlükəsizlik, iqtisadi inteqrasiya və texnologiya sahəsində rəqabət aparan bloklara parçalanmasına gətirib çıxara bilər... Bu, məsələn, İnternetlə baş verə bilər, harada ki Rusiya və Çin kimi ölkələr öz spesifik standartlarını tətbiq edə və dünyanı parçalaya bilər... Bu cür parçalanma böyük iqtisadi xərclərə gətirib çıxaracaq və iqlim kimi qlobal məsələlərdə əməkdaşlıq üçün stimulları azaldacaq”, - deyə Cosep Borrel bu cür hadisələrin qarşısını almağa çağırıb.
Nizami Bağırov
Şərhlər