Xəbər lenti

Qriplə qarışdırılan səssiz təhlükə: Adenovirus nədir?
Sağlamlıq 14:47 22.01.2026

Qriplə qarışdırılan səssiz təhlükə: Adenovirus nədir?

Avropada və dünyanın bir çox yerində təsirini artıran mövsümi qrip bir çox insanda həftələrlə davam edən şikayətlərə səbəb olur. Lakin mütəxəssislərin fikrincə, sahədə diqqət çəkən yeganə virus bu deyil. Qriplə tez-tez qarışdırılan, Böyük Britaniyada yayılma sürətini artıran və ölkəmizdə də dövri olaraq müşahidə edilən başqa bir virus da səssiz şəkildə dövriyyədədir: Adenovirus. Bəs bu virus nə dərəcədə yayılıb, kimlər üçün risk yaradır və hansı əlamətlərlə özünü göstərir?

Qaynarinfo xəbər verir ki, dekabr ayından etibarən qrip virusunun mutasiyaya uğramış variantlarından olan H3N2 geniş şəkildə görülməyə başlayıb. Xüsusilə sosial mediada "bir cür keçmir” tipli paylaşımlar bu variantın daha uzunmüddətli simptomlarla müşayiət olunduğuna işarə edir.

Qriplə yanaşı, RSV və COVID-19 da tənəffüs yolu infeksiyalarının yükünü artıran digər amillər sırasında yer alır. Lakin bu mənzərəyə əlavə olaraq hazırda Böyük Britaniyada güclü şəkildə yayılma sürətini artıran, ölkəmizdə isə dövri piklər göstərən başqa bir virus da mövcuddur: Adenovirus.



Daim mutasiyaya uğrayaraq təkamül keçirir

Son dərəcə geniş yayılmış olan adenovirusla bağlı Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) bildirir ki, demək olar, hər kəs 10 yaşına qədər bu virusa ən azı bir dəfə yoluxur. "Daily Mail” nəşrində yer alan məlumata görə, daim mutasiyaya uğrayaraq təkamül keçirən adenovirus bu xüsusiyyəti səbəbilə insanın həyatı boyunca bir neçə dəfə infeksiyaya yol aça bilir.

Qripdən fərqli olaraq adenovirus soyuq aylarda zirvəyə çatan aydın mövsümilik göstərmir və ilboyu yoluxa bilir. Böyük Britaniyanın Səhiyyə və Sosial Xidmətlər Agentliyinin (UKHSA) ötən həftə açıqladığı məlumatlara əsasən, adenovirus hazırda ölkədə geniş şəkildə dövriyyədədir.

Bəs bu virus necə yoluxur və hazırda mövcud olan digər viruslarla eyni vaxtda görülə bilərmi? "Hürriyet" mövzunu mütəxəssislərlə birlikdə araşdırıb.

"Yanvar ayı etibarilə intensiv şəkildə davam edir"

Daxili xəstəliklər üzrə mütəxəssis doktor Sedat İrmak və uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis doktor Pınar Karadeniz son dövrlərdə geniş yayılmış, mutasiyaya uğramış H3N2 qrip virusunun mövcud vəziyyəti ilə bağlı danışıb.

Doktor Sedat İrmak bildirib ki, bu mövsüm H3N2 virusu dekabr ayından etibarən intensiv şəkildə müşahidə olunur: 

"Yanvar ayı etibarilə də bu intensivlik davam edir. Hazırda yüksək hərarət, geniş yayılmış bədən ağrıları olan şəxslərin böyük əksəriyyətinin H3N2 ilə yoluxduğunu demək olar".

Xəstəliyə bağlı şikayətlərin ilk 72 saatda daha kəskin yaşandığını deyən doktor Sedat İrmak qeyd edib ki, adətən 5–7 gün ərzində sağalma müşahidə olunur. Bəzi hallarda isə virus infeksiyalarından sonra burun axıntısı, boğaz arxası axıntısı və ya quru öskürəyin keçməsi 4–8 həftə çəkə bilər.



Uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis doktor Pınar Karadeniz sosial mediada tez-tez səsləndirilən "keçmir” fikrinin adətən iki səbəbi olduğunu bildirib. Onun sözlərinə görə, birinci səbəb uşaqların və böyüklərin qısa müddət ərzində ard-arda müxtəlif tənəffüs yolu virusları ilə yoluxmasıdır. İkinci səbəb isə qripdən sonra ortaya çıxa bilən post-viral öskürək və yuxarı tənəffüs yollarının həssaslığıdır. Hərarət və ümumi vəziyyət düzəlsə də, öskürək və halsızlıq 2–3 həftəyə qədər uzana bilər ki, bu da xəstəliyin çox uzun sürdüyü təəssüratını yaradır.

Müşahidələrlə bağlı danışan doktor Pınar Karadeniz bildirib ki, adenovirus hazırda kütləvi epidemiya dalğası şəklində deyil, daha çox sporadik və aşağı intensivlikli hallar şəklində görülür. Onun sözlərinə görə, ümumi tənəffüs yolu infeksiyaları içərisində adenovirusun payı hələlik məhduddur.

Doktor Sedat İrmak isə adenovirusun daha çox qış aylarında və erkən yaz dövründə yayıldığını, lakin ilin istənilən vaxtında da epidemiya yarada biləcəyini bildirib. Onun fikrincə, yaxın aylarda adenovirus infeksiyalarında artım ehtimalı kifayət qədər yüksəkdir. Doktor Pınar Karadəniz də qarşıdakı həftələrdə yoluxma saylarında dalğalanmaların mümkün olduğunu vurğulayıb.

Təkcə uşaqlarda görülmür

Adenovirusun bütün yaş qruplarında rast gəlinə bildiyini bildirən Pınar Karadeniz xüsusilə 0–5 yaş arası, bağça və məktəbəqədər dövrdə olan uşaqlarda daha tez-tez görüldüyünü qeyd edib. Yaxın təmas və əl-ağız təmasının çox olması bu yaş qrupunda yoluxmanı asanlaşdırır. Böyüklərdə isə xəstəlik adətən daha yüngül keçir və çox vaxt sadə soyuqdəymə kimi başa çatır. İmmunitet sistemi zəif olan şəxslər isə ən yüksək risk qrupuna daxildir və bu şəxslərdə alt tənəffüs yollarının tutulması və xəstəxanaya yatış tələb edən ağırlaşmalar daha tez-tez müşahidə olunur.



Tez yoluxur, səthlərdə uzun müddət qalır

Sedat İrmak adenovirusun məktəblər və hərbi hissələr kimi kollektiv yaşayış yerlərində sürətlə yayıla bildiyini vurğulayıb. Onun sözlərinə görə, virus damcı yolu ilə yoluxur və səthlərdə uzun müddət canlı qala bilir. Bu səbəbdən əl gigiyenasına riayət etmək, məkanları yaxşı havalandırmaq və təmiz saxlamaq yoluxmanın qarşısının alınmasında mühüm rol oynayır.

Əksər hallarda qriplə qarışdırılır - bu əlamətlərə diqqət

Mütəxəssis bildirib ki, adenovirus infeksiyası klinik baxımdan qriplə çox oxşardır. Hər iki halda yüksək hərarət və boğaz ağrısı müşahidə olunur. Qripdə bədən ağrıları daha şiddətli olur. Adenovirusda isə fərqli olaraq tez-tez konyunktivit, yəni gözlərin qızarması görülür. Bundan əlavə, ishal kimi həzm sistemi əlamətləri də klinik mənzərəyə qoşula bilər.

Digər qış virusları ilə eyni vaxtda görülə bilərmi?

Pınar Karadeniz adenovirusun digər qış virusları ilə eyni vaxtda görülə bildiyini təsdiqləyib. Xüsusilə uşaqlarda aparılan tənəffüs yolu testlərində qrip və ya Covid-19 ilə yanaşı adenovirusun da aşkarlandığını bildirib. Birgə infeksiya hər zaman ağır gediş demək olmasa da, hərarətin daha uzun çəkməsi, öskürəyin inadkar olması və tənəffüs yolu əlamətlərinin daha qabarıq görünməsi mümkündür. İmmuniteti zəif şəxslərdə isə bu hallar daha yaxından izlənməlidir.



Adenovirus üçün spesifik antiviral müalicə varmı?

Pınar Karadenizin sözlərinə görə, adenovirus üçün əksər uşaqlar və böyüklər üçün təsdiqlənmiş spesifik antiviral müalicə mövcud deyil. Müalicənin əsasını dəstəkləyici yanaşma təşkil edir: kifayət qədər maye qəbulu, hərarətin nəzarətdə saxlanılması, istirahət və mümkün ağırlaşmaların izlənməsi. Əlamətlər adətən bir neçə gün və ya həftə ərzində geriləyir. Lakin virusun nəcis və tənəffüs ifrazatlarında daha uzun müddət xaric oluna bilməsi səbəbilə, uşaq özünü yaxşı hiss etsə belə, bir müddət yoluxdurucu ola biləcəyi nəzərə alınmalıdır.

Aydın
--> -->