İdman 23:14 28.05.2023

Qurban Qurbanov Şeydayevin gedəcəyini təsdiqlədi

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Ramil Şeydayevin komandadan ayrılacağını təsdiqləyib.

Ağdam klubunun çalışdırıcısı Premyer Liqanın sonuncu – 36-cı turu çərçivəsində baş tutan "Turan Tovuz”la oyundan (3:1) sonra Fanat.Az-a açıqlamasında Şeydayevin karyerasını başqa ölkədə davam etdirəcəyini bildirib:

"Mən Ramili həm xarakterinə, həm xasiyyətinə görə çox istəyirəm. Əsl kişi xarakterli futbolçudur. Bəlkə də kənardan görünmür, amma çox vətənpərvər oğlandır, Azərbaycanı, azərbaycanlıları həmişə yaxşı yerlərdə, öndə görmək istəyir, dəyər verir. Ramillə həm millidən əvvəl, həm millidə olarkən, həm də yenidən burada birgə çalışdıq. Bu gün də görüşüb hər şeyə görə bir-birimizə təşəkkür etdik. Bizim ümumi söhbətimiz olmuşdu. Nə mən ondan ayrılmaq istəyirdim, nə də o məndən. Amma elə nüanslar olur ki, ona hazır olmalıyıq. Təkcə futbolçu kimi yox, kollektivimizdən əsl vətənpərvər, əsl azərbaycanlı, əsl idmançı xarakteri olan birisini böyük ehtimalla başqa ölkəyə yola salırıq. Böyük ehtimalla gedəcək”.