Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti “Resant Group” Məhdud Məsuliyyətli Cəmiyyətini cərimələyib.
Qaynarinfo-nun məlumatına görə, sözügedən dövlət qurumu “Resant Group” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edib və işə məhkəmədə baxılıb.
Məlum olub ki, Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən və Şıx çimərliyinin yaxınlığında fəaliyyət göstərən “Resant Group” MMC-yə məxsus “Ramada by Wyndham Baku” hotelinin yerləşdiyi dənizkənarı əraziyə birgə baxış keçirilib.
Baxış zamanı “Ramada by Wyndham Baku” ictimai iaşə obyektində formalaşan çirkab suların təmizlənməsi üçün təmizləyici qurğunun quraşdırılmadığı, boru vasitəsilə çirkab və tullantı sularının təmizlənmədən öz axımı ilə torpaq axarı vasitəsilə Xəzər dənizinə axıdıldığı müəyyən edilib.
Monitorinq müddətində sözügedən axardan Xəzər dənizinə axıdılan çirkab suyun tərkibinin müəyyənləşdirilməsi məqsədilə su nümunəsi götürülərək nümunə aktı tərtib edilib.
Monitorinqin nəticələrinə əsasən, “Ramada by Wyndham Baku” hotelinin rəhbərliyi barəsində cərimə tətbiq edilib.

Məhkəmənin qərarı ilə “Resant Group” MMC İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinib və onun barəsində 8 000 manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınıb.
Şirkətin qərardan verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməyib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə görə, su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər 600 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 2 500 manatdan 4 000 manatadək, hüquqi şəxslər isə 7 500 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, nizamnamə kapitalı 200 manat olan “Resant Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Candanadam Akin Yusuf oğludur.
Aydın
Şərhlər