"Paşinyan bu gün Azərbaycanla sülh prosesini davam etdirir, rəsmi Bakı ilə təmaslar qurur və sülhün əldə olunması istiqamətində müəyyən addımlar atır. Amma onun birdən-birə indiki mövqeyə gəlib çatdığını düşünmək doğru deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zaur Məmmədov Ermənistan Baş naziri Nikol Paşinyanın bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsi, digər tərəfdən isə Qarabağ məsələsini beynəlxalq gündəmdə saxlamağa çalışması ilə bağlı danışarkən deyib.
Politoloqun sözlərinə görə, Paşinyanın bugünkü mövqeyini düzgün qiymətləndirmək üçün onun əvvəlki siyasi bəyanatlarını və atdığı addımları da xatırlamaq lazımdır:
"Bu, Ermənistanda ilk dəfə açıq şəkildə "Qarabağ Ermənistandır və nöqtə" deyən həmin Paşinyandır. O zaman bu açıqlama danışıqlar prosesini faktiki olaraq sıfırladı və Azərbaycanın Ermənistanla Minsk qrupu çərçivəsində danışıqları davam etdirməsinin artıq məntiqsiz olduğunu ortaya qoydu. Eyni zamanda, 2020-ci ilin noyabrında üçtərəfli bəyanatı imzalayan da həmin Nikol Paşinyandır. Lakin sənədlə üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, sonrakı mərhələdə müxtəlif manevrlərə əl atdı və erməni hərbi birləşmələrinin bölgədən çıxarılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsində problemlər yarandı".

Zaur Məmmədovun sözlərinə görə, ən əsası isə odur ki, sonrakı dövrdə Fransa Prezidenti Emmanuel Makronla birlikdə Azərbaycanla bağlı müxtəlif beynəlxalq platformalarda bəyanatların verilməsi, qərar və qətnamələrin qəbul edilməsi istiqamətində addımlar atılırdı:
"Bütün bunları nəzərə almadan Paşinyanın bugünkü siyasətini qiymətləndirmək düzgün olmaz. Ona görə də Paşinyanın birdən-birə "mələyə çevrilməsi" barədə danışmaq doğru deyil. Onun siyasi fəaliyyətinin əvvəlki mərhələsində kifayət qədər fərqli mövqeləri və addımları olub. Bu gün də görürük ki, Ermənistanda akkreditə olunmuş diplomatların Qarabağa səfərindən sonra ölkə daxilində ayrı-ayrı qrupların etirazlarını ifadə etməsi, həmin diplomatların fotoşəkillərinin nümayiş etdirilməsi və digər aksiyalar üçün müəyyən imkanlar yaradılır. Əminəm ki, kulislərdə, müxtəlif görüşlərdə Paşinyan hökumətinin üzvləri xarici tərəfdaşları ilə bir sıra məsələləri müzakirə edirlər. Sadəcə, həmin məsələləri ictimaiyyət qarşısında, daha doğrusu, rəsmi səviyyədə açıq şəkildə gündəmə gətirməkdən çəkinirlər".
Politoloq vurğulayıb ki, bütün bunlara baxmayaraq, Azərbaycan-Ermənistan münasibətlərində əsas diqqət gələcəyə yönəlməlidir. Onun sözlərinə görə, iki ölkə arasında yeni səhifənin açılması üçün imkan var:
"Yaxşı olardı ki, Ermənistan hökuməti üzərinə düşən öhdəlikləri mümkün qədər tez yerinə yetirsin. Biz amerikalılar kimi gözləyirik ki, Ermənistan Zəngəzur dəhlizini tez bir zamanda açsın və sülh müqaviləsi imzalansın. Vaşinqtonda əldə olunan razılaşmalar da bunu deməyə əsas verir. Sabah ABŞ başda olmaqla, regionda siyasi proseslər dəyişə bilər və tamamilə fərqli siyasi reallıqlarla üz-üzə qala bilərik. Paşinyan bunu istəyirmi, vaxtı bilərəkdənmi uzadır, yoxsa proseslərin fərqli istiqamətdə inkişaf etdiyini düşünür - bunu zaman göstərəcək. Amma bizim üçün konkret faktlar önəmlidir. Fakt isə ondan ibarətdir ki, hələ də həllini tapmamış məsələlər var. Yaxşı olardı ki, həmin məsələlər mümkün qədər tez həllini tapsın".
Günay İlqarqızı
Şərhlər