XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı
Ölkə16:36 22.09.2026

Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı

Masallı rayonunda ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadına xəsarət yetirən şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, məhkəmənin araşdırması zamanı müəyyən edilib ki, hadisə 2026-cı ildə Masallı rayonunun Lürən kəndində yerləşən, zərərçəkmiş şəxsin mərhum atasına məxsus evdə baş verib.

İş materiallarına əsasən, ərinin sosial şəbəkələrdə digər qadınlarla yazışdığını görən qadın onu qısqanıb və bu məsələ ilə bağlı aralarında mübahisə yaranıb.

Qadın ərinin yas mərasimində mobil telefon vasitəsilə başqa bir qadınla danışdığını gördükdən sonra ona evə gəlməsini deyib. Ər evə gəldikdən sonra sosial şəbəkədə qadınlarla ünsiyyəti ilə bağlı aralarında sözlü mübahisə yaranıb.

Təqsirləndirilən şəxs arvadına ayrılmaq istədiyini bildirərək şəxsiyyət vəsiqəsini və əməkhaqqı kartını tələb edib. Sənədlərin dərhal verilməməsi mübahisəni daha da gərginləşdirib.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, mübahisə zamanı arvadının qol və bud nahiyələrinə bir neçə dəfə zərbə vurub. Zərərçəkmiş şəxsin ifadəsində isə ərinin əvvəlcə sifət nahiyəsinə, daha sonra yumruqla sağ qoluna və təpiklə sağ bud nahiyəsinə bir neçə dəfə zərbə endirdiyi göstərilib.

Hadisədən sonra qadın ağlayaraq evdən çıxıb və həyətdə qardaşı ilə rastlaşıb. O, qardaşının mobil telefonundan Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə zəng edərək döyüldüyünü bildirib.

Məhkəmədə təqsirləndirilən şəxs əməlini etiraf edib və törətdiyi əməldən peşman olduğunu bildirib. O, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.

İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən, zərərçəkmiş şəxsin sağ bazu və sağ dirsək oynağı nahiyələrində yumşaq toxumaların əzilib şişkinləşməsi və geniş qançırlar müəyyən edilib. Xəsarətlərin dərəcəsinə görə, onların ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər kimi qiymətləndirildiyi bildirilib.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilib.

Hökmə əsasən, müttəhim qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Seyid