Xəbər lenti

Texnologiya 12:50 20.02.2026

"Rəhbər heyət üçün süni intelekt üzrə liderlik proqramları həyata keçirilir" – Saməddin Əsədov

İnsan kapitalının inkişafı 2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyasının əsas prioritetlərindən biridir. Çünki süni intellekt texnologiyalarının səmərəli tətbiqi yalnız müasir infrastrukturla deyil, həm də bu texnologiyaları anlayan və idarə edə bilən peşəkar kadrlarla mümkündür.

Qaynarinfo-nun verdiyi xəbərə görə, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov APA-ya müsahibəsində bildirib.

Nazir müavini Saməddin Əsədov daha sonra bildirib:

"Bu məqsədlə süni intellekt üzrə təhsil proqramları genişləndirilir, yeni ixtisaslar formalaşdırılır və mövcud kadr potensialının gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Universitet-sənaye əməkdaşlığının inkişafı və praktik yönümlü təlimlərin təşkili də bu prosesin mühüm tərkib hissəsidir.
 


Bu sahədə əsas institusional mexanizmlərdən biri Milli Süni İntellekt Mərkəzidir. Mərkəz tədqiqatların təşviqi, kadr hazırlığı və süni intellekt həllərinin tətbiqi istiqamətində fəaliyyət göstərərək rəqəmsal transformasiya prosesinə dəstək verir.

Mərkəzin təşəbbüsü ilə ötən il yaradılmış Süni İntellekt Akademiyası isə insan kapitalının inkişafı üçün əsas platformalardan biridir. Hazırda Akademiyada rəqabətli seçim əsasında qəbul olunmuş tələbələr intensiv proqramlar üzrə təhsil alırlar. Növbəti mərhələdə süni intellekt mühəndisləri, data mühəndisləri və məhsul menecerlərinin hazırlanması planlaşdırılır.

Eyni zamanda həm dövlət, həm də özəl sektorda qərarverici səviyyədə institusional bacarıqların gücləndirilməsi məqsədilə rəhbər heyət üçün nəzərdə tutulmuş "AI for Managers” və "AI Leadership” proqramları həyata keçirilir. Bu proqramlar vasitəsilə süni intellektin imkanları, riskləri və məsuliyyətli tətbiqi ilə bağlı zəruri bilik və bacarıqlar formalaşdırılır.

Beləliklə, insan kapitalının inkişafı texniki kadrlar, idarəetmə heyəti və akademik mühit üzrə paralel şəkildə həyata keçirilir. Bu isə Strategiyanın uğurlu icrası üçün möhkəm zəmin yaradır".

--> -->