XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Renta Car"dan avtomobil icarəyə götürüb "Blue City"dən kabel oğurladılar
Ölkə21:06 18.09.2026

"Renta Car"dan avtomobil icarəyə götürüb "Blue City"dən kabel oğurladılar

Abşeron rayonunda “Blue City” yaşayış kompleksinin ərazisindən ümumilikdə 8 min manatdan çox dəyərində elektrik naqilləri oğurlanıb.

Qaynarinfo xəbər verir ki, hadisə ilə bağlı üç nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxslərdən Anar (ad şərtidir) və Vüsal (ad şərtidir) əvvəlcədən razılaşaraq “Blue City” yaşayış kompleksinin həyətində tikinti işləri üçün saxlanılan elektrik naqillərini oğurlayıblar. Bunun üçün “Renta Car”dan avtomobil icarəyə götürüblər.

Naqilləri kəsərək avtomobilə yükləyən şəxslər daha sonra ərazidən uzaqlaşıblar. Kabelləri yandıraraq içərisindəki misi ayırıb satan şəxslər əldə etdikləri pulu aralarında bölüblər.

Oğurlanan naqillərin ümumi dəyəri 8 014 manat olub.

Digər epizodda isə Anar və Elnur (ad şərtidir) eyni ərazidən 895,40 manat dəyərində 407 metr kabeli kəsərək avtomobilə yükləyərkən kompleksin mühafizəçiləri tərəfindən saxlanılıblar. Bu səbəbdən onların oğurluğu başa çatdıra bilmədikləri və əməlin cinayətə cəhd kimi qiymətləndirildiyi müəyyən edilib.

Məhkəmədə təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli bilib və törətdikləri əməldən peşman olduqlarını bildiriblər. İş materiallarına görə, dəymiş zərər tam ödənilib.

Məhkəmənin hökmü ilə Anar Cinayət Məcəlləsinin 29 və 177.2.1-ci maddələri (cinayət törətməyə cəhd və oğurluğun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi) ilə təqsirli bilinib. Ona 1 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Tutulduğu 2 gün nəzərə alındıqdan sonra qəti olaraq üzərində 1 il 1 ay 26 gün cəza saxlanılıb.

Elnur Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri (oğurluğun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xeyli miqdarda ziyan vurmaqla törədilməsi) ilə təqsirli bilinib. Ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Məhkəməyədək həbsdə olduğu müddət nəzərə alınaraq qəti cəzası 2 il müəyyənləşdirilib.

Vüsal isə Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.2, 177.2.1 və 177.2.4-cü maddələri (oğurluğa cəhd, oğurluğun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi, oğurluğun təkrar törədilməsi və xeyli miqdarda ziyan vurmaqla törədilməsi) ilə təqsirli bilinib.

Məhkəmə Vüsala 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Onun 4 ay 15 gün həbsdə olduğu müddət bir günə iki gün hesabı ilə cəzadan çıxılıb və qəti cəzası 2 il 3 ay müəyyən edilib.

Seyid