Xəbər lenti

Robert Vunun 2026 payız kutür kolleksiyası - uşaqlıq xəyalları və sirli sürrealizm (FOTOLAR)
DƏB 09:15 25.07.2026

Robert Vunun 2026 payız kutür kolleksiyası - uşaqlıq xəyalları və sirli sürrealizm (FOTOLAR)

Robert Vun (Robert Wun) uşaqlıq dövrünə aid obrazları yetkin baxış bucağı ilə yenidən şərh edib. Paris Moda Həftəsində təqdim olunan kolleksiya dizaynerin uşaqlıq xəyallarını və sirli sürrealizmə marağını əks etdirib.


Robert Vun* iki ildən çox fasiləsiz işlədikdən sonra yorğunluq hiss etdiyini bildirib. O, bu vəziyyətdən uzaqlaşmaq üçün uşaqlıq dövrünün arxetiplərinə müraciət edib və onları yetkin baxışı ilə yenidən yaradıb.

Modelyer və kutür** dizayneri Robert Vun Hayao Miyazakinin (Hayao Miyazaki) müsahibəsindən təsirləndiyini qeyd edib: "O, uşaqlar üçün niyə əsərlər yaratdığını, böyüklərin uşaqlar üçün daha yaxşı gələcəyə inam yaradan dünya qurmalı olduğunu və bunun yaradıcıların məsuliyyəti sayıldığını izah edirdi”.

Kolleksiyada "Disney” personajlarına və avtobioqrafik elementlərə istinadlar yer alıb. Bu motivlər Vunun parça üzərində heykəltaraşlıq bacarığı ilə hazırladığı sürreal və diqqətçəkən siluetlərdə əksini tapıb.

Kolleksiyanın inkişaf xətti uşağın böyümə prosesini xatırladıb. Açılışda təqdim olunan ağ geyimlər rəngarəng, sadə boya ləkələrini xatırladan tikişlərlə bəzədilib. Daha sonra parlaq rəng bloklarından ibarət ağac formalı modellər nümayiş etdirilib. Parlaq qırmızı rəngli, kürəvi üst hissəyə və balıqquyruğu biçiminə malik libas ön sırada əyləşən Kardi B-nin (Cardi B) geyimini xatırladıb.

İriölçülü, kəskin biçimli kostyumlarda origami qatlarına istinad edilib. Cek Skellinqton (Jack Skellington) obrazı qara kostyumda, həm sümük quruluşunu, həm də incə zolaqları xatırladan parlaq tikişlərlə təqdim olunub.

Qar Ağın mavi məxmər libası büzməli formada hazırlanaraq bədən ətrafında burulub. Modelin çiynində və başında quş fiqurları yerləşdirilib. Bambinin anasına istinad edən obraz isə ucları buynuz formasında olan başlıq, həcmli ağ geyim və balanı simvolizə edən kukla ilə təqdim edilib.

Bəzi geyimlər nəhəng oyuncaq fiqurları ilə tamamlanıb. Bunlardan biri qulaqlarla uyğunlaşdırılmış dairəvi çiyinlərə malik, tvid parçadan hazırlanmış ayı obrazı olub.

Vun uşaqlıqda reallaşmayan arzuları da kolleksiyanın mövzularından birinə çevirib. Dizayner valideynlərinin onu yönəltdiyi kosmik proqramlardan ilhamlanaraq şəffaf dəbilqəli modellər hazırlayıb.

Çəhrayı tül və keçə materialdan hazırlanmış balerina obrazının başında zərgərlik qutusunu xatırladan konstruksiya yerləşdirilib. Geyimin aşağı hissəsi isə sərbəst biçimdə hazırlanıb.

Vunun kolleksiyanın sonunda təqdim etdiyi iriölçülü geyimlər daha mürəkkəb quruluşu ilə seçilib. Dizayner onları bədənin içindən çıxırmış kimi görünən həqiqi şarlarla bəzəyib. Onun sözlərinə görə, bu detal uşaqlıq dövrünün keçiciliyinə işarə edib və həm dizayner, həm də stilist üçün texniki çətinlik yaradıb.

Təqdimat məkanında yerləşdirilən nəhəng ağ şişmə obyekt dizaynerin "Pop Mart”ın "Skullpanda” layihəsi ilə yeni əməkdaşlığını simvolizə edib. 300 qonağa təqdim olunan məhdud sayda məhsulların ilin sonunadək satışa çıxarılacağı bildirilib.

Cavid

*Robert Vun (Robert Wun) Honkonqda doğulmuş, Londonda fəaliyyət göstərən modelyer və kutür dizayneridir. O, London Moda Kollecini bitirdikdən sonra 2014-cü ildə öz adını daşıyan brendi yaradıb. Dizayner heykəltaraşlıq üslublu siluetləri, mürəkkəb biçimləri və kino ilə təbiətdən ilhamlanan teatral kolleksiyaları ilə tanınır.

Robert Vun 2023-cü ildə Paris Yüksək Moda Həftəsində ilk rəsmi kutür kolleksiyasını təqdim edib və Yüksək Moda Təqviminə qoşulan ilk Honkonq əsilli dizayner olub. Onun geyimlərini Beyons, Ledi Qaqa, Kardi B, Selin Dion və Doja Ket kimi tanınmış sənətçilər geyiniblər.

** Kutür (fr. haute couture — "yüksək moda") sifarişlə, fərdi ölçülər əsasında əl işi ilə hazırlanan ən yüksək səviyyəli moda geyimlərinə verilən addır.

Əsas xüsusiyyətləri:

Geyimlər hər bir müştəri üçün fərdi tikilir.
Hazırlanmasında saatlarla, bəzən yüzlərlə saat əl əməyindən istifadə olunur.
Ən keyfiyyətli və nadir parçalar, əl tikmələri, muncuq, kristal və digər bəzəklər tətbiq edilir.
Kütləvi istehsal üçün deyil, əsasən nümayiş və fərdi sifariş məqsədilə hazırlanır.

Kutür ilə hazır geyim (prêt-à-porter) arasındakı əsas fərq ondan ibarətdir ki, hazır geyim standart ölçülərlə kütləvi istehsal olunur, kutür isə yalnız konkret müştəri üçün hazırlanır.

Robert Vunun təqdim etdiyi 2026-cı ilin payız kutür kolleksiyası da məhz bu kateqoriyaya daxildir. Buradakı geyimlər gündəlik istifadə üçün deyil, yüksək moda nümayişi və fərdi sifarişlər üçün hazırlanmış eksklüziv əsərlərdir.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->