Yay tətilinin başlaması ilə uşaqların və yeniyetmələrin telefon, planşet və kompüter qarşısında keçirdiyi vaxt əhəmiyyətli dərəcədə artıb. Kibertəhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edirlər ki, bu dövrdə uşaqları hədəf alan zərərli proqramlar və dələduzluq cəhdləri də çoxalır.
Qaynarinfo-nun məlumatına görə, kibertəhlükəsizlik şirkəti ESET-in mütəxəssisləri bildirirlər ki, oyun adı altında yayılan zərərli proqramlar, saxta keçidlər və fişinq hücumları xüsusilə uşaqlar üçün ciddi risk yaradır. Valideynlərin ən çox yol verdiyi səhvlərdən biri isə şəxsi telefon və planşetlərini heç bir təhlükəsizlik tədbiri görmədən övladlarının istifadəsinə vermələridir. Bu isə həm valideynlərin, həm də uşaqların şəxsi məlumatlarını təhlükə altına qoya bilər.
Ekspertlərin sözlərinə görə, viruslar, troyan proqramları və digər zərərli proqram təminatı əsasən saxta oyun platformaları, üçüncü tərəf yükləmə saytları, forumlar və bəzi hallarda rəsmi tətbiq mağazalarında yerləşdirilən saxta proqramlar vasitəsilə yayılır.
Mütəxəssislər valideynlərə aşağıdakı təhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edirlər:
* Uşaqlara telefon nömrəsi, ev ünvanı, məktəbin adı və şifrələr kimi şəxsi məlumatları internetdə paylaşmamağı öyrədin.
* İnternetə yerləşdirilən şəkil və məlumatların sonradan silinsə belə tamamilə yox olmaya biləcəyini izah edin.
* Smartfonları adi oyun cihazı deyil, kompüter qədər təhlükəsizlik tələb edən qurğu kimi qiymətləndirin.
* Övladınızın istifadə etdiyi sosial şəbəkələri və tətbiqləri izləyin, onunla açıq ünsiyyət saxlayın.
* Kiberzorakılıq barədə məlumatlandırın və belə hallarda necə davranmalı olduğunu izah edin.
* Güclü və mürəkkəb şifrələrdən istifadə etməyi öyrədin, şifrələrin heç kimlə paylaşılmamasını tövsiyə edin.
* İnternet brauzerinin tarixçəsini vaxtaşırı yoxlayın və şübhəli halları uşaqla sakit şəkildə müzakirə edin.
* Etibarlı antivirus və təhlükəsizlik proqramlarından istifadə edin.
* Mümkün olan bütün hesablarda ikimərhələli doğrulamanı (2FA) aktivləşdirin.
* Tətbiqlərin kamera, mikrofon və geolokasiya kimi icazələrini mütəmadi yoxlayın.
* Əməliyyat sistemi və tətbiqlərin avtomatik yenilənməsini aktiv saxlayın ki, təhlükəsizlik boşluqları vaxtında aradan qaldırılsın.
Mütəxəssislər vurğulayırlar ki, uşaqları rəqəmsal təhlükələrdən qorumağın ən effektiv yolu yalnız texniki vasitələrdən istifadə etmək deyil, həm də onlarla davamlı ünsiyyət qurmaq və təhlükəsiz internet davranışlarını erkən yaşlardan formalaşdırmaqdır.
Aydın
Şərhlər