Foto 15:54 25.07.2023

Rövşən Nəcəf: "Neftçi" azarkeşlərindən səbirli olmalarını istəyirik" (FOTOLAR)

"Neftçi” Peşəkar Futbol Klubunun (PFK) yeni prezidenti (baş icraçı direktoru) mediaya təqdim edilib.

Qaynarinfo xəbər verir ki, Fərrux Mahmudov "Neftçi” PFK-nın Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf tərəfindən təqdim olunub.

Rövşən Nəcəf Fərrux Mahmudova fəaliyyətində uğurlar arzulayıb.

F.Mahmudov klubun inkişaf istiqamətləri barədə məlumat verib: "Klubun fəaliyyəti ilə bağlı 4 istiqamət müəyyənləşdirilib. Bunlar idman tərəfi, doğru idarəetmə, maliyyə resursları, azarkeşlərlə düzgün kommunikasiyanın qurulmasıdır. Bütün bunlar təmin edildikdən sonra klubun fəaliyyətində dönüş yaranacağına ümid edirik".

Rövşən Nəcəf bildirib ki, klubun son dövrlərdə fəaliyyəti ürəkaçan deyil: "Çıxdığımız yolda "Neftçi" azarkeşlərindən səbir və etimad gözləyirik. Klubda təkrar canlanmanı təmin etmək üçün strategiya hazırlanır. "Neftçi" azarkeşləri hər zaman klubun yanında olublar, heç vaxt dəstəklərini əsirgəməyiblər. Biz gördüyümüz işlər nəticəsində "Neftçi"nin yenidən yerli və beynəlxalq yarışlarda qələbələrlə azarkeşlərini sevindirəcəyinə inanırıq".

Müşahidə Şurasının sədri bildirib ki, "Neftçi İdman Klubu Futbol Akademiyası"nın infrastrukturunun təkmilləşdirilməsi və gücləndirilməsi nəzərdə tutulur. Rövşən Nəcəf qeyd edib ki, ümumi strategiya formalaşdırılıb və yeni idarəetmə sistemi qurulub: "Bu prosesdə bir neçə bacarıqlı məşqçilərlə görüşlər keçirdik. Bizim seçimimizdə əsas meyar "Neftçi"nin qarşısına qoyduğu əsas hədəfləri anlayan, məqsədlərimizə çatmaqda daim bizimlə olmağa hazır peşəkar məşqçini müəyyənləşdirməkdir".