Dünya 19:12 01.06.2022

Roma Papası xahiş etdi: “Buğdadan müharibə silahı kimi istifadə etməyin”

Buğdadan müharibə silahı kimi istifadə edilməməlidir. 

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri Roma Papası deyib

Papa Fransisk çərşənbə günü Ukraynadan buğda ixracına qoyulan blokun aradan qaldırılması üçün səlahiyyətlilərə müraciət edib.

Müqəddəs Pyotr meydanına toplaşan minlərlə insanın olduğu auditoriya qarşısında çıxış edən Papa, xüsusilə də dünyanın ən yoxsul ölkələrində milyonlarla insanın Ukraynadan irxac edilən buğdadan asılı olduğunu bildirib və blokun götürülməsini istəyib.

Qlobal ərzaq böhranının daha da pisləşdiyini deyən Birləşmiş Millətlər Təşkilatı Ukraynanın taxıl ixracının açılması üçün sövdələşməyə vasitəçilik etməyə çalışır.

"Ukraynadan buğda ixracının qarşısının alınması çox narahatedicidir, çünki xüsusən də yoxsul ölkələrdə milyonlarla insanın həyatı bundan asılıdır”, - deyə Papa bildirib.

O, buğda ixracının önünü açmaq üçün xahiş edib:

"Mən bu problemin həlli, ümumbəşəri qidalanma hüququ təmin edilməsi üçün bütün səylər göstərilməsinə ürəkdən çağırış edirəm. Xahiş edirəm! Əsas ərzaq məhsulu olan buğdadan müharibə silahı kimi istifadə etməyin".

Rusiyanın Ukraynaya təcavüzü nəticəsində törədilən ölüm və dağıntılarla yanaşı, müharibə və Qərbin Rusiyanı cəza olaraq təcrid etmək cəhdi taxılın, yağın, gübrənin və enerjinin bahalaşmasına səbəb olub, qlobal artıma zərbə vurub.

Keçən həftə kənd təsərrüfatı rəsmisi bildirib ki, Ukrayna böhranın qarşısını almaq üçün böyük taxıl ehtiyatlarını avtomobil, çay və dəmir yolu ilə ixrac etməyə çalışır, lakin Rusiya Qara dəniz limanlarının blokadasını aradan qaldırmasa, hədəflərinə çatmaq şansı yoxdur.

Nurlan