"52 ildir ki, bu kənddə yaşayıram. Mavi yanacağın olmaması səbəbindən çox əziyyət çəkmişik. Artıq bizim kəndə küçə qaz xətlərinin çəkilməsinə başlanılıb. Bu işdə əziyyəti olan hər kəsə kənd sakinləri adından təşəkkür edirəm".
Bu sözləri İsmayıllı rayonunun Ruşan kənd sakini Azər Məmmədov "Açıq mikrofon" aksiyası çərçivəsində keçirilən görüş zamanı bildirib.
Mikrofon önünə keçən digər vətəndaşlar da meşə zolağından kənarda yerləşən bu kənddə üzləşdikləri problemlərdən söz açıblar.
Q.Məmmədov adına Ruşan kənd tam orta məktəbin müəllimi Firdovsi Musayevin müraciəti isə təhsil ocağının da qazlaşdırılması ilə bağlı olub. Müraciətə cavab olaraq bildirilib ki, məsələ ilə əlaqədar rayon təhsil şöbəsi Elm və Təhsil Nazirliyinə müvafiq sənədləri təqdim etməlidirlər.
Həmin sənədlər əsasında Elm və Təhsil Nazirliyinin SOCAR-ın "Azəriqaz” İB-yə etdiyi müraciətindən sonra adıçəkilən təhsil ocağının qazanxanasına mavi yanacağın verilişi təmin olunacaq.
Görüşdə səsləndirilən bütün problem və təkliflərin araşdırılması üçün aidiyyəti üzrə tapşırıq verilib.
Şərhlər