Xəbər lenti

Dünya 15:58 29.11.2023

Rusiya Haaqa Tribunalından yayınmaq üçün Əlcəzairlə saziş imzalamaq istəyir

Rusiyanın baş prokuroru İqor Krasnov Əlcəzairin ədliyyə naziri Abderraşid Tabiyə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) tələbi ilə vətəndaşların ekstradisiya edilməməsinə dair saziş bağlamağı təklif edib. O əlavə edib ki, sənədi imzalamazdan əvvəl ölkələr müvafiq qarşılıqlı təminatların verilməsini nəzərdən keçirə bilərlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times” yazır.

Krasnov öz təşəbbüsünü onunla izah edib ki, BCM artıq müstəqil qurum deyil. "Bu gün bu təşkilat müəyyən qruplar tərəfindən şəxsi maraqlara xidmət etmək və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarını pozmaqla istifadə olunur”, deyə o, izah edib.

Krasnovun sözlərinə görə, Əlcəzair belə bir anlaşmaya razılaşarsa, bu, ölkələr arasında tərəfdaşlığı gücləndirəcək və "onların gələcək hərtərəfli inkişafına töhfə verəcək”. İlk addım kimi tərəflər əməkdaşlıq protokolu imzalayıblar və bu protokol çərçivəsində Əlcəzairin Ədliyyə Nazirliyinin əməkdaşlarına Rusiya Prokurorluğunun Universitetində təlim tədbirlərində pulsuz iştirak etmək icazəsi verilib.

Xatırladaq ki, martın 17-də BCM Rusiya prezidenti Vladimir Putin və uşaq hüquqları üzrə ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar ukraynalı uşaqları qeyri-qanuni deportasiya etməkdə şübhəli bilinirlər və bu, müharibə cinayəti kimi təsnif edilir. Həbs orderi ömürlük verilir və yalnız Rusiya prezidenti məhkəmə qarşısına çıxarıldığı halda ləğv edilə bilər.

Kreml BCM-nin qərarını "əhəmiyyətsiz” və Putinin həbsi ilə bağlı "məsələnin belə qoyulmasını qəbuledilməz” adlandırıb. Dövlət başçısının mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Moskva məhkəmənin yurisdiksiyasını tanımır. Buna baxmayaraq, aprelin 28-də Putin Rusiyanın qeyri-qanuni hesab etdiyi beynəlxalq qurumların "qərarlarının icrasına köməklik göstərməyə görə” cinayət məsuliyyəti haqqında qanunu imzalayıb.

Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyət göstərdiyi əsas sənəd Roma Statutudur. Bu günə qədər 124 dövlət tərəfindən ratifikasiya olunub. Onların hamısı BCM-nin orderi əsasında həbs edilməli olan şəxsləri saxlayıb Haaqaya göndərməyə borcludurlar. Statutu ratifikasiya edən sonuncu ölkə Ermənistan olub.

Həbs qərarı Putinin avqustda Cənubi Afrikada keçirilən BRICS sammitinə getməsinə mane olub. Bu səfər onun Ukraynada müharibə başlayandan bəri ilk böyük xarici səfəri olmalı idi, lakin o, risk etməmək qərarına gəlib və xarici işlər naziri Sergey Lavrovu ora göndərib.

Bundan sonra Putin Roma Statutunu ratifikasiya etməməsinə baxmayaraq, Hindistanda keçiriləcək G20 sammitinə getməkdən çəkinib və sonra prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar üçün Türkiyəyə səfərini ləğv edib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->