Hüseynbala Səlimov
Dünya 10:04 12.12.2022

Rusiya-Ukrayna müharibəsində yeni mərhələ başlayır?..

NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna müharibəsi mövzusunda tez-tez çıxışlar edir. Adətən bu çıxışlar birmənalı qarşılanmır, hətta insanları məyus edir. Məsələ bundadır ki, NATO rəsmisi daha çox rəhbərlik etdiyi hərbi-siyasi alyansın müharibəyə qarışmamasına, Kiyevi Rusiya ilə müharibədə tək buraxmasına bəraət qazandırmağa çalışır.

Amma bu yaxınlarda onun çıxışlarında yeni ton sezildi. Stoltenberq Norveç telekanallarındakı çıxışlarında dedi ki, Rusiya Ukrayna müharibəsi NATO ilə Rusiya arasında böyük müharibəyə çevrilə bilər. 

Düzdür, NATO Baş katibi Yens Stoltenberq bu çıxışında da qeyd-şərtlər etməyi unutmadı. Dedi ki, ABŞ və Avropa ölkələri bunun qarşısını almağa çalışacaqlar. Amma bəlkə də ilk dəfə idi ki, Stoltenberq Rusiyanı müharibə ilə təhdid edirdi.

Fəqət bu, hələ hamısı deyil. Digər bir xəbər okeanın o biri tərəfindən gəldi. ABŞ rəsmiləri bildirdilər ki, Kiyev ona verilən silahlardan Rusiya ərazisinə, o cümlədən də Krıma qarşı istifadə edə bilər. Qeyd edək ki, ən əvvəl şərt belə idi ki, bu silahlardan Rusiya ərazisinə qarşı istifadə edilə bilməz, çünki Vaşinqton müharibənin daha geniş miqyas almasından ehtiyat edir. İndi isə deyirlər ki, sərəncamındakı silahlardan necə və harada istifadə etmək Kiyevin özəl hüququdur. Qərəz, müharibə bitmək və yekunlaşmaq əvəzinə daha geniş vüsət alır və istisna deyil ki, yaxın vaxtlarda onun coğrafiyası bir az da böyüyəcək.

Ruslar isə qışa ümid etməkdə davam edirlər. Amma nahaq. Ukraynanın hərəkətlərində təslimçilik tendensiyaları sezilmir, müharibə davam edir. Bu günlərdə aparıcı Qərb jurnallarının biri Ukrayna prezidenti Volodimir Zelenskini ilin adamı elan etdi. Bu isə o deməkdir ki, Kiyevə təkcə hərbi-iqtisadi yox, həm də mənəvi-siyasi dəstək davam edir.

Ümumilikdə götürəndə dünya heç vaxt bu qədər qarışıq olmamışdı. İran çalxalanır, Cənubi Qafqaz qaynayır. Rusiya, İran və Fransa Qafqazları da qızışdırmaqda davam edirlər. Bütün bu cəhdlər müharibə qoxuyur və müxtəlif qarşıdurmalar vəd edir. Ən çox narahatlıq doğuran budur ki, bu üç vektorun üçü də Azərbaycana qarşı yönəlib. 

İranın içindəki öz qonşusuna qsrşı müharibə istəyi və ya cəhdləri, Fransanın öz erməni diasporuna yarınmaq istəyi, Rusiyanın bu bölgədən, Cənubi Qafqazdan çıxmamaq arzusu – təəssüf ki, bunların hamısı biri-birinə qarışıb. Sual doğuran isə başqa məqamdır. İrana və Rusiyaya qarşı rəqib olan dövlət ABŞ-dır. Amma o, daha çox xoruz döyüşdürənlərə oxşayır. Düzdür, Ukraynaya kömək edirlər, amma bu kömək hərbi-texniki yardımdan o tərəfə keçmir və bu yaxınlara qədər o, şərtlərlə verilirdi. İrana gəldikdə isə burada da ABŞ-ın siyasətindən baş açmaq olmur. Bir müddət bundan əvvəl, İran təzəcə çalxalanmağa başlayanda ABŞ prezidenti dedi ki, biz bu ölkəni azad edəcəyik. Amma etirazlar üç aydır ki, davam edir, biz isə hələ də Vaşinqtonun yardımını görmürük. 

Adama elə gəlir ki, Rusiya və İran ABŞ-a xortdan rolunda lazımdır ki, öz vətəndaşlarını və dünyanı onlarla qorxutsun. İkinci ildir ki, Rusiya ilə Ukrayna müharibəsi davam edir. Rusiya yenə də ideoloji düşmən elan olunub və ona qarşı savaş açılıb. Əsas odur ki, ABŞ-ın silahları ambarda qalmır. Bu yaxınlarda bu ölkə 800 milyarddan artıq hərbi büdcə qəbul etdi və bu hələ ən son hədd deyildir. 

İrana gəldikdə isə bilmək olmur ki, ABŞ nədən ehtiyat edir. Bəlkə bu ölkənin parçalana bilməsi, regiondakı türk vektorunun daha da güclənə bilməsi onu narahat edir? Bəlkə Vaşinqton burada da idarə olunan xaos senarisini tətbiq etmək istəyir? Yaxud da ABŞ bir az əvvəldə qeyd etdiyimiz kimi, İranın timsalında xortdan obrazını itirmək istəmir? Etiraf edirik ki, biz bu sualların dəqiq cavablarını bilmirik. Bəli, çox təəssüf ki, bu cavablar bizə məlum deyil...
 
Hüseynbala Səlimov