Dünya əhalisinin 1/3-dən çoxu nevroloji xəstəliklərdən əziyyət çəkir, lakin əksər ölkələr bu çağırışa hazır deyil və belə xəstəliklərlə mübarizə üçün kifayət qədər maliyyə ayırmır.
Qaynarinfo xəbər verir ki, "The Hill" nəşrinin yazdığına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nevroloji sağlamlığın vəziyyətinə dair yeni hesabatında qeyd olunur. Sənəddə bildirilir ki, dünyada təxminən 40 faiz insan — yəni 3 milyarddan çox əhali — müxtəlif növ nevroloji problemlərlə yaşayır. Bu xəstəliklər hər il 11 milyon insanın ölümünə səbəb olur.
2021-ci il üzrə məlumatlara əsasən, ölüm və əlilliyin əsas səbəbləri arasında insult, neonatal ensefalopatiya, miqren, Altsheymer xəstəliyi və demensiyanın digər formaları, diabetik neyropatiya, meningit, epilepsiya, vaxtından əvvəl doğuşun fəsadları, autizm spektri pozuntuları və sinir sistemi ilə bağlı onkoloji xəstəliklər yer alıb.
Hesabatda vurğulanır ki, aşağı gəlirli ölkələrdə nevroloqların sayı yüksək gəlirli ölkələrlə müqayisədə 80 dəfədən çox azdır.
ÜST-nin baş direktorunun müavini Ceremi Farrar deyib:
"Dünyada hər üç nəfərdən biri beyinlə əlaqəli xəstəliklərlə yaşayırsa, biz tibbi yardıma çıxışı yaxşılaşdırmaq üçün əlimizdən gələni etməliyik. Bu pozuntuların bir çoxunun qarşısını almaq və ya onları effektiv şəkildə müalicə etmək mümkündür, lakin səhiyyə xidmətləri əksər hallarda əlçatmaz qalır. Xüsusilə kənd və azgəlirli bölgələrdə insanlar stiqmatizasiya, sosial təcrid və maliyyə çətinlikləri ilə üzləşirlər".
Hazırda ÜST-yə üzv ölkələrdən cəmi 63-ü nevroloji pozuntularla bağlı milli siyasətə malikdir, yalnız 34 dövlət bu xəstəliklərə qarşı mübarizə üçün xüsusi maliyyə ayırır.
Bundan əlavə, dünyanın böyük hissəsində əsas tibbi xidmətlər belə mövcud deyil: cəmi 49 ölkə nevroloji xəstəlikləri öz universal tibbi sığorta sisteminə daxil edib.
Hesabatda qeyd olunur ki, ixtisaslaşmış tibbi xidmətlərin çatışmazlığı — insult şöbələri, uşaq nevrologiyası, reabilitasiya və palliativ yardım mərkəzlərinin azlığı — qlobal səviyyədə ciddi problemə çevrilib. Xüsusilə şəhər xəstəxanalarında kadr qıtlığı kəskin şəkildə hiss olunur.
ÜST-nin sənədində bildirilir ki, xəstələrə uzunmüddətli qulluq ehtiyacı ailələr üçün ən ağır yükə çevrilir. Çox vaxt bu qayğı illərlə davam edir və əsasən peşəkar hazırlığı olmayan, adi qadınların üzərinə düşür. Onlar isə çox zaman dəstəksiz qalırlar.
Aydın
Şərhlər