Xəbər lenti

Şahzadə Endryu 30 otaqlı malikanəyə 20 ildir kirayə ödəmir?
Dünya 23:58 22.10.2025

Şahzadə Endryu 30 otaqlı malikanəyə 20 ildir kirayə ödəmir?

Böyük Britaniyada milyarder Cefri Epşteynlə əlaqələrinə görə tənqid hədəfinə çevrilən York hersoqu şahzadə Endryu bu dəfə də Vindzordakı "Royal Lodge” adlı 30 otaqlı malikanəsi ilə gündəmdədir. 

Qaynarinfo xəbər verir ki, son günlərdə bütün rəsmi titullarından imtina etdiyini açıqlayan şahzadə bu malikanədə uzun illər boyu demək olar pulsuz yaşaması ilə bağlı yeni müzakirələrə səbəb olub.

2003-cü ildən etibarən "Crown Estate” fondundan icarəyə götürülən "Royal Lodge”, Vindzor malikanəsi ərazisində yerləşən, II dərəcəli tarixi qoruma statusuna malik bir mülkdür. Ərazidə bir bağban evi, ibadətgah, altı yataq otaqlı köşk və mühafizə heyəti üçün ayrıca yaşayış sahələri də mövcuddur.

İcarə şərtləri isə Britaniya hüququnda "karabiber icarəsi” (peppercorn rent) adlanan xüsusi bir konseptə əsaslanır. Bu, kiracının ev sahibinə rəmzi məbləğ — məsələn, ildə 1 funt sterlinq — ödəməsini nəzərdə tutur. Mətbuata sızan sənədlərdə şahzadə Endryunun bu məbləği belə ödəmədiyi ehtimal edilir.

Şahzadə Endryu icarə haqqı ödəməsə də, mülkə köçməzdən əvvəl onun təmiri və bərpası üçün böyük məbləğ sərf edib. 2003-cü ildə imzalanmış razılaşmaya əsasən, o, "Crown Estate”ə 1 milyon funt-sterlinq birdəfəlik ödəniş edib və binanın yenilənməsi üçün 7,5 milyon funt xərcləyib.

Kral ailəsinin maliyyə işlərinə nəzarət edən "Crown Estate” qurumu, müqavilənin şahzadə üçün "xüsusi güzəşt” olduğunu inkar edir. Qurumun açıqlamasına görə, "Royal Lodge”un Vindzordakı həssas mövqeyi və təhlükəsizlik məsələləri nəzərə alınaraq, orada kral ailəsindən bir üzvün yaşaması məqsədəuyğun sayılıb.

Son həftələrdə şahzadə Endryunun "Royal Lodge”dan çıxarılması ilə bağlı çağırışlar artıb. Əgər bu baş verərsə, "Crown Estate” mövcud müqaviləyə əsasən ona kompensasiya ödəməli olacaq. Sənədlərə görə, müqavilə 75 illik müddətə bağlanıb və ilk 25 il ərzində (2028-ci ilə qədər) şahzadənin oradan çıxarılması halında hər il üçün maliyyə təzminatı nəzərdə tutulur.

Hazırkı hesablamalara görə, Endryu bu gün müqavilədən imtina etsə, təxminən 558 min funt sterlinq dəyərində geri ödəniş alacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->